NOBEL MÜKAFATLARI TƏQDİM OLUNUR
AZƏRTAC xəbər verir ki, dekabrın 10-da Stokholm və Osloda Nobel mükafatlarının təqdimetmə mərasimi keçirilmişdir.
Qızıl medallar və diplomlar İsveç sənayeçisi, kimyaçı mühəndis, dinamitin, süni ipəyin və qaz mühərriklərinin yaradıcısı Alfred Bernhard Nobelin (1833-1896) vəfatı günü Nobel mükafatçılarına təqdim olunur.
1864-cü ildə “Nobel qardaşları”nın Fransadakı müəssisələrindən birində partlayış baş verir. Qəza nəticəsində 8 nəfər, o cümlədən Nobelin 21 yaşlı qardaşı oğlu Emil də həlak olur. Fransa mətbuatının səhvən Alfred Nobelin özünün həlak olması barədə dərc etdiyi nekroloqlarda “ölüm alverçisi”, “dinamit kralı”, “qanlı kapital” ifadələri humanist ruhlu Alberti sarsıdır. Nəsillərin yaddaşında dağıdıcı maddənin yaradıcısı kimi qalmaq istəməyən Alfred Nobel 1895-ci il noyabrın 25-də ailənin bütün var-dövlətinin (31,5 milyon kron, hazırkı məzənnə ilə 150 milyon dollar) xüsusi fonda köçürülməsi barədə vəsiyyətnamə imzalayır.
Hər il həmin fonddan bəşəriyyət qarşısında, o cümlədən sülhün möhkəmləndirilməsi sahəsində xüsusi xidmətlərinə görə alimlərə, ədəbiyyatçılara və ictimai xadimlərə mükafatlar verilir.
Xatırladaq ki, vaxtilə Nobel mükafatları üçün ayrılmış vəsaitin xeyli hissəsi Nobel qardaşlarının Bakı neftindən əldə etdikləri gəlirin payına düşürdü.