İQTİSADİYYAT
“Nokia” Azərbaycanın xəritəsini telefonlarında yerləşdirəcəkdir
Bakı, 22 dekabr (AZƏRTAC). Azərbaycandakı “Nokia” proqram əlavələri mağazasından (OVI Store) yüklənmələrin ümumi sayı artıq 1,2 milyonu ötmüş, həftədə təxminən 100 min təşkil etmişdir. Azərbaycan regionda “Nokia”nın mövqelərinin güclü olduğu Qazaxıstandan sonra daha iri bazardır.
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycanın texnika və texnologiyalar haqqında “InfoCity” jurnalına müsahibəsində “Nokia”nın MDB-nin cənub ölkələri üzrə baş meneceri Karel Qolub demişdir. K.Qolub bildirmişdir ki, şirkət artıq “Symbian” bazası üzrə azərbaycanlı istehsalçılarla işləyir.
K.Qolub MDB-nin cənub ölkələrində, o cümlədən Azərbaycanda “Windows Phone” platformasının bazasına “Nokia Lumia” smartfonlarının 2012-ci ildə keçəcəyini qeyd etmişdir. Bununla yanaşı, yaxın vaxtlarda “Nokia” Azərbaycanın xəritəsini telefonlarında yerləşdirəcəkdir.