DÜNYA
“Nokia” şirkəti bu il Finlandiyada iş yerlərinin ixtisar edilməsini planlaşdırır

Stokholm, 15 yanvar, AZƏRTAC
Finlandiyada telekommunikasiya avadanlığı istehsal edən “Nokia” şirkəti bu il Finlandiyada təqribən 180 iş yerinin ixtisar edilməsini, həmçinin 5G texnologiyalarına və rəqəmsallaşdırmağa investisiyaların artırılmasını planlaşdırır.
AZƏRTAC şirkətin xüsusi məlumatına istinadla xəbər verir ki, bu il 180 iş yerinin ixtisar edilməsi Ouluda və Finlandiyanın başqa şəhərlərində 5G məhsullarının istehsalına ziyan vurmayacaq, çünki Finlandiyada bu şirkətin 6000 əməkdaşı çalışır. İş yerlərinin ixtisar edilməsi şirkətin ümumi strategiyasının tərkib hissəsidir və başqa sahələrdə çalışan əməkdaşlara aid olacaq. İnvestorların bir qismi narahat idi ki, “Nokia” bir sıra böhranlı məsələlərdə rəqiblərindən geri qalır. Şirkət özünün bu qərarı ilə onların etimadını bərpa etməyə çalışır.
“Nokia” şirkətinin 5G texnologiyalarında öz rəqiblərindən geri qalması hələlik fakt deyil, yalnız investorların ehtiyatlandığı məsələdir. Bununla belə, şirkət 5G texnologiyalarına və rəqəmsallaşdırmağa investisiyaları artırmaq yolu ilə investorların etimadını qaytarmaq niyyətindədir.
Xatırladaq ki, 2019-cu ildə “Nokia” Finlandiyada 370-ə yaxın əməkdaşı işə qəbul edib.
Rauf Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Stokholm