DÜNYA
“Northrop Grumman” F-35 təyyarələri üçün “hava-yer” tipli raketlər istehsal edəcək
Bakı, 27 sentyabr, AZƏRTAC
“Northrop Grumman” korporasiyası F-35 qırıcı-bombardmançı təyyarələri üçün “hava-yer” tipli raketlər istehsal etməklə bağlı ABŞ Hərbi Hava Qüvvələri ilə 705 milyon dollarlıq müqavilə bağlayıb.
AZƏRTAC “Defense news” nəşrinə istinadla xəbər verir ki, burada düşmənin hava hücumundan müdafiə vasitələrinin fəaliyyət zonasından kənarda istifadə edilən silahlardan deyil, qısa radiuslu raketlərdən söhbət gedir. Beləliklə, F-35 təyyarələri bu raketlərdən istifadə etmək üçün düşmənin nəzarət etdiyi hava məkanına daxil olmalıdır.
Korporasiyanın məlumatına görə, yeni raket üzərində çalışmalar 36 ay davam edəcək. İşlər kompaniyanın Kaliforniya və Qərbi Virciniya ştatlarındakı müəssisələrdə aparılacaq.
Birləşmiş Ştatların Hərbi Hava Qüvvələri yeni raketlərin yer üzərində sürətlə hərəkət edən hədəfləri vurma qabiliyyətinə malik olmasını istəyir.