QAN YADDAŞI
Nyu-York senatoru Terri Gipson Qara Yanvarın 24-cü ildönümü haqqında proklamasiya imzalamışdır
Vaşinqton, 21 yanvar (AZƏRTAC). Nyu-York ştatı senatının üzvü Terri Gipson Qara Yanvarın 24-cü ildönümü haqqında proklamasiya imzalamışdır. Proklamasiyada göstərilir ki, Nyu-York ştatındakı etnik azərbaycanlılar icması ştatda dini müxtəlifliyin qoruyub saxlanmasına, mədəniyyətlərarası dialoq, sülh və firavanlıq işlərinə böyük töhfə verir. Sənəddə həmçinin 1918-1920-ci illərdə müstəqil Azərbaycanın və 1922-1990-cı illərdə Sovet İttifaqının tərkibində Azərbaycanın mövcud olması faktları qeyd edilir. Qanunverici daha sonra göstərir ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet qoşun kontingenti Bakıya tanklar, helikopterlər və dəniz qüvvələri ilə hücum etmişdir. Bununla əlaqədar “Human Rights Dvatch” hüquq-müdafiə təşkilatı lüzum olmadığı halda hərbi qüvvə, o cümlədən zirehli texnika və ağır şəraitdə döyüş əməliyyatları üçün nəzərdə tutulan silahlar tətbiq edilməsini, xüsusi təyinatlı dəstələrin “təcili yardım” maşınlarına, yaşayış məhəllələrinə və evlərə qəsdən hücum etmələrini, bu hücumlar zamanı 147 nəfərin həlak olması, 714 nəfərin yaralanması faktını təsdiq etmişdir. 1992-ci ildə Azərbaycanın müstəqilliyi, Qarabağ regionu və Naxçıvan tərkib hissələri olmaqla, ABŞ tərəfindən tanınmışdır. ABŞ-ın regional müttəfiqi olan Azərbaycan ABŞ-ın və NATO-nun Kosovo, İraq və Əfqanıstanda keçirdiyi əməliyyatlara mühüm töhfə vermişdir. 1957-ci ildən mövcud olan Amerika Azərbaycanlılar Birliyi (ASA) Amerikada ən qədim Azərbaycan təşkilatıdır. 2006-cı ildən mövcud olan Azərbaycan-Amerika Şurası (AAC) isə Azərbaycan icmasını təmsil edən təşkilatdır. Senator Terri Gipson bunları nəzərə alaraq yanvarın 20-sini Nyu-York ştatında “Qara yanvar xatirə günü” elan etmişdir.
Xatırladaq ki, bu proklamasiya “Pax Turcica” institutunun, Amerika Azərbaycan Cəmiyyətinin və Azərbaycan-Amerika Şurasının Amerika ictimaiyyətini 20 Yanvar hadisələri barədə məlumatlandırmaq üçün keçirdiyi yazılı kampaniya nəticəsində yaranmışdır.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton