Odessanın alman-faşist işğalçılarından azad edilməsinin 70 illiyi münasibətilə Odessa-Bakı telekörpüsü keçirilmişdir
Bakı, 14 aprel (AZƏRTAC). Odessanın alman-faşist işğalçılarından azad edilməsinin 70 illiyi münasibətilə Odessa-Bakı telekörpüsü keçirilmişdir. Tədbir iştirakçıları Odessanın Böyük Vətən müharibəsində iştirakı, şəhərin işğal olunması və müdafiəsi barədə danışmışlar.
Ukrayna Azərbaycanlı Gənclər İttifaqından (UAGİ) AZƏRTAC-a verilən məlumata görə, İttifaqın Odessa vilayəti üzrə bölməsinin fəal üzvü Sevda Qalimova Azərbaycan xalqının qəhrəman övladlarının Qırmızı bayraqlı Suvorov ordenli 416-cı Taqanroq atıcı diviziyasının tərkibində göstərdiyi şücaətlər barədə söhbət açaraq vurğulamışdır ki, Azərbaycanda yaradılmış və şəxsi heyətinin 90 faizi azərbaycanlılardan ibarət olan bu diviziya Ukraynanın cənub-şərq hissəsinin, o cümlədən Odessanın faşist işğalından azad olunmasında iştirak etmişdir.
Tədbirdə Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişşenko, Azərbaycanın Ukraynadakı səfirliyinin birinci katibi Sabir Rzayev, Odessa şəhər sovetinin beynəlxalq əlaqələr departamentinin direktoru Svetlana Boyeva, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Ukraynadakı nümayəndəliyinin rəhbərinin müavini Həzi Aslanov, UAGİ-nin rəhbəri Anar Tahirov, habelə 1944-cü ildə Ukraynanın Odessa şəhərinin faşist işğalından azad olunmasında iştirak etmiş Böyük Vətən müharibəsi veteranları, UAGİ-nin Odessa vilayətindəki fəalları, ümumtəhsil məktəblərinin, o cümlədən Odessa şəhərindəki 107 və 35 nömrəli, Bakı şəhərindəki 47 nömrəli orta məktəblərin rəhbərliyi və şagirdləri iştirak etmişdir. Telekörpü Azərbaycan Respublikası Kommunikasiyalar və Yüksək Texnologiyalar Nazirliyinin və Azərbaycan Respublikası Veteranlar Şurasının dəstəyi ilə təşkil edilmişdi.
Tədbir başa çatandan sonra odessalılar 416-cı diviziyanın ekranın o biri tərəfində, Bakıda olan veteranlarına təşəkkür etmişlər.