REGİONLAR
Oğuz kitabxanaçıları məktəbliləri Zəngilan rayonu barədə məlumatlandırıblar




Oğuz, 21 oktyabr, Mustafa Dadaşov, AZƏRTAC
Oğuz rayon Mərkəzi kitabxanasının əməkdaşları şəhər Həbib Babayev adına 1 saylı məktəbin X sinfində işğaldan azad olunan Zəngilan rayonu ilə əlaqədar informasiya saatı keçiriblər.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Şəki Regional Mədəniyyət İdarəsindən məlumat verilib.
Bildirilib ki, əvvəlcə canlarını Azərbaycanın ərazi bütövlüyü uğrunda qurban vermiş qəhrəman Vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
“Azad Zəngilan!” mövzusunda məruzə ilə çıxış edən kitabxanaçı diqqətə çatdırıb ki, oktyabrın 20-də Zəngilanın 44 günlük Vətən müharibəsində erməni işğalından azad olunmasından iki il ötüb. Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun qazandığı ən böyük uğurlardan biri də Zəngilan rayonunun düşmən tapdağından azad edilməsi olub. Zəngilanın azad edilməsi nəticəsində 132 kilometrlik Azərbaycan-İran sərhədi də bərpa edilib.
Diqqətə çatdırılıb ki, bizi şanlı Zəfərə bir addım daha da yaxınlaşdıran, sevincimizə sevinc qatan bu müjdəli xəbəri Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev 2020-ci il oktyabrın 20-də xalqa müraciətində bildirib. Bu tarixdə Zəngilan şəhəri ilə yanaşı, rayonun Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Muğanlı kəndlərində də üçrəngli bayrağımız dalğalanmağa başlayıb. Ümumilikdə, İkinci Qarabağ müharibəsinin gedişində Mincivan, Ağbənd, Bartaz qəsəbələri, Bartaz, Sığırt, Şükürataz və daha 5 yüksəklik, 52 kənd Ermənistan işğalından azad olunub.