REGİONLAR
Oğuzda 10 min ədəd yerli tut tingi əkiləcək
Oğuz, 22 dekabr, Mustafa Dadaşov, AZƏRTAC
Oğuz rayonunda baramaçılığın yem bazasının möhkəmləndirilməsi istiqamətində tədbirlər davam etdirilir. Yeni tut bağlarının salınması məqsədilə baramaçılıqla məşğul olan kümçülərə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən göndərilmiş daha 10 min ədəd yerli tut tingi paylanılıb.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Oğuz Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Azər Vəliyev məlumat verib.
Qurum rəsmisi bildirib ki, tinglər rayonun 5 inzibati dairəsi üzrə baramaçılıqla məşğul olan iri təsərrüfat sahiblərinə paylanılıb. Tinglər əkiləcək yerlər müəyyənləşdirilib və artıq əkin işlərinə başlanılıb.
Sektor müdirinin sözlərinə görə, yeni tut bağlarının salınması məqsədilə son illər Oğuz rayonunun ərazisində 168 min 250 ədəd tut tingi əkilib. Bunun 83 min ədədi Çin Xalq Respublikasından ölkəmizə gətirilən calaq olunmuş tinglər, 85 min 250 ədədi isə yerli tut tingləridir.
Xatırladaq ki, builki mövsümdə oğuzlu kümçülər 193 qutu ipəkqurdunun yemlənməsi ilə məşğul olub, 2984 kiloqram yaş barama əldə ediblər.