Oğuzda 6 aprel – Ümumdünya Fiziki Aktivlik Gününə həsr olunmuş “dəyirmi masa” təşkil edilib
Bakı, 6 aprel, AZƏRTAC
Oğuz Bilik Evində 6 aprel - Ümumdünya Fiziki Aktivlik Gününə həsr edilmiş “Hərəkətsizlik müasir cəmiyyətin bəlasıdır” mövzusunda “dəyirmi masa” təşkil olunub. Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) ilə Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun birgə təşkil etdiyi tədbirin əsas məqsədi Oğuz məktəblilərini sağlam həyat tərzi barədə maarifləndirmək idi.
Bu barədə AZƏRTAC-a İSİM-in mətbuat xidmətindən bildirilib.
Bilik Fondunun Oğuz rayonu üzrə nümayəndəsi Anar Məcidov tədbiri giriş sözü ilə açaraq bildirib ki, sağlam qidalanma və fiziki aktivlik gənc nəslin inkişafında mühüm əhəmiyyət daşıyır. İSİM-in həkim-metodisti Zümrüd Kazımova geniş təqdimatla çıxış edərək, fiziki passivliyin dünyada baş verən ölüm hadisələrinin əsas risk faktorlarından biri hesab olunduğunu nəzərə çatdırıb. Mütəxəssis vurğulayıb ki, müntəzəm fiziki aktivlik ürək-damar xəstəlikləri, 2-ci tip şəkərli diabet, xərçəng xəstəlikləri, piylənmə, depressiya, eləcə də bir sıra xroniki xəstəliklərin profilaktikasında böyük rol oynayır.
Gənclərə gündəlik fiziki aktiv hərəkətlər etməyi tövsiyə edən Zümrüd Kazımova onlara aerobika, əzələ və sümükləri möhkəmləndirən hərəkətlər barədə məlumat verib. O, fiziki aktivliyi gündəlik vərdişə çevirməyin sağlamlığın qorunmasında əvəzsiz rol oynadığını vurğuladı: “Dünya Səhiyyə Təşkilatı 5-17 yaşlarda uşaq və yeniyetmələrə gündə ən azı 60 dəqiqə, 18-64 yaşlarda insanlara isə həftədə ən azı 150 dəqiqə fiziki aktiv olmağı tövsiyə edir, çünki davamlı fiziki aktivlik insanlara daha sağlam və daha uzun ömür yaşamaq imkanı verir”.
Tədbirin sonunda iştirakçılara İSİM tərəfindən hazırlanan və aktiv həyat tərzini təbliğ edən videoçarx təqdim olundu və mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb.