REGİONLAR
Oğuzda indiyədək 27 hektar sahəyə tütün şitilləri köçürülüb
Oğuz, 26 may, Mustafa Dadaşov, AZƏRTAC
Builki mövsümdə Oğuz rayonunda 60 hektar sahədə tütün əkilməsi nəzərdə tutulur. Hazırda təsərrüfatlarda tütün şitillərinin sahələrə köçürülməsi işi davam etdirilir. İndiyədək rayonun Bucaq, Muxas və Mollalı kəndlərinin ərazilərindəki təsərrüfatlarda 27 hektar sahədə tütün əkilib.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Oğuz Dövlət Aqrar İnkişaf Mərkəzinin direktor müavini Akif Adıgözəlov məlumat verib.
Qurum rəsmisi bildirib ki, oğuzlu fermerlər ötən il olduğu kimi, bu il də əsasən “Virciniya botaniki” növlü tütün yetişdirəcəklər. Tütün istehsalı ilə əlaqədar hələlik 7 fermerlə müqavilə bağlanılıb.
Mərkəzin direktor müavininin sözlərinə görə, hazırda rayonun təsərrüfatlarında qarğıdalı əkini də davam edir. Bu il rayonda 270 hektar sahədə dən üçün qarğıdalı əkilməsi nəzərdə tutulur. İndiyədək təsərrüfatlrda 184 hektar sahədə qarğıdalı əkilib.