REGİONLAR
Oğuzda Müstəqillik Gününə həsr olunan voleybol birinciliyinin qalibləri müəyyənləşib
Oğuz, 25 may, Mustafa Dadaşov, AZƏRTAC
Oğuzda 28 May - Müstəqillik Gününə həsr olunmuş məktəb komandaları arasında voleybol üzrə rayon birinciliyi başa çatıb. Oğuz Rayon Gənclər və İdman İdarəsi, Təhsil şöbəsi və rayon Uşaq-Gənclər İdman-Şahmat məktəbinin birgə təşkilatçılığı ilə şəhər 2 saylı tam orta məktəbin idman zalında keçirilən yarışda rayonun ümumtəhsil məktəblərini təmsil edən oğlanlardan ibarət 8 komanda mübarizə aparıb.
Rayon Gənclər və İdman İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, yekun nəticələrə əsasən, Qarabulaq kənd tam orta məktəbin komandası birinciliyin qalibi adını qazanıb. Sonrakı yerləri Qumlaq kənd və Oğuz şəhər 1 saylı tam orta məktəblərin komandaları tutublar.
Birinciliyin qaliblərinə diplom və fəxri fərmanlar təqdim edilib.