OĞUZDA QLÜKOZA ZAVODU İNŞA OLUNUR
Oğuz şəhərində “CPC” Məhdud Məsuliyyətli Cəmiyyətin xətti ilə gündəlik istehsal gücü 50 ton olan qlükoza zavodunun tikintisinə başlanılmışdır.
Cəmiyyətin rəhbəri Vaqif Hüseynov AZƏRTAC-a bildirmişdir ki, müəssisə tam gücü ilə işlədikdən sonra burada gün ərzində 80 ton qarğıdalı emal olunmaqla, qida sənayesi üçün 50 tona yaxın qlükoza istehsal ediləcəkdir. Müəssisədə Türkiyənin, habelə digər Avropa ölkələrinin müasir tələblərə cavab verən qabaqcıl texnoloji avadanlığı quraşdırılacaqdır. Zavodun tikintisini “Kənan-İnşaat” MMC-nin kollektivi həyata keçirir. Müəssisədə ilkin mərhələdə 50 nəfərdən çox işçi çalışacaqdır. Gələcəkdə istehsal prosesi genişləndikcə, burada çalışan işçilərin sayı 100 nəfərə çatdırılacaqdır.
Yeni müəssisənin işə düşməsi rayon fermerlərinin qarğıdalı əkininə marağını daha da artıracaq, maldarlıq və quşçuluq sahələrinin inkişafına ciddi təkan verəcəkdir. Müəssisənin cari ilin sonunadək istifadəyə verilməsi nəzərdə tutulur.