Oğuzda stolüstü tennis üzrə zona yarışında 11 komanda mübarizə aparır
Oğuz, 27 aprel, Mustafa Dadaşov, AZƏRTAC
Oğuz Olimpiya İdman Kompleksində Yeniyetmələrin XII Respublika Oyunlarının proqramına daxil olan 2005-2006-cı il təvəllüdlü oğlan və qızlar arasında stolüstü tennis üzrə zona yarışları başlayıb.
Oğuz Rayon Gənclər və İdman İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, yarışda Bakı, Sumqayıt, Şirvan şəhərlərini, Balakən, Qax, Şəki, Qəbələ, Oğuz, Qobustan və Ağdaş rayonlarını təmsil edən 11 komanda mübarizə aparır. Paytaxt tennisçiləri zona yarışında 2 komanda ilə təmsil olunub. Komandaların heyətinə 4 oğlan və 4 qız tennisçi daxildir. Yarışı Azərbaycan Stolüstü Tennis Federasiyasının hakimləri idarə edirlər.
Zona yarışı aprelin 30-dək davam edəcək.