OĞUZLULAR ÖLKƏDƏ GEDƏN MÖHTƏŞƏM QURUCULUQ İŞLƏRİNƏ ÖZ TÖHFƏLƏRİNİ VERƏCƏKLƏR
Bu fikir 2008-ci ilin birinci rübünün yekunları və qarşıda duran vəzifələrlə bağlı Oğuz rayonunda keçirilən fəallar yığıncağında xüsusi vurğulanmışdır.
AZƏRTAC-ın müxbiri xəbər verir ki, yığıncaqda Oğuz Rayon İcra Hakimiyyətinin başçısı Aydın Əlihüseynov Nazirlər Kabinetinin 2008-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında Prezident İlham Əliyevin proqram xarakterli nitqindən irəli gələn vəzifələrin icrası və birinci rübdə rayonda görülmüş işlər barədə geniş məruzə etmişdir.
Məruzəçi bildirmişdir ki, dövlət başçısının giriş nitqində qeyd olunduğu kimi, son 4 ildə ölkə iqtisadiyyatı 96 faiz artmış, cari ilin birinci rübündə də Azərbaycanda iqtisadi inkişaf çox güclü olmuş, üç ayda ümumi məhsul istehsalının artımı 14 faiz təşkil etmişdir. Dövlət başçısı nitqində Azərbaycan büdcəsinin ildən-ilə artdığını, icmal büdcəsinin 12 milyard dollar səviyyəsinə çatdığını, ölkənin valyuta ehtiyatlarının 9 milyard dollar həcmində olduğunu bildirmiş, adambaşına düşən büdcə xərclərinə görə Azərbaycanın nəinki MDB məkanında, eləcə də dünyada qabaqcıl yer tutduğunu xüsusi vurğulamışdır. Qeyri-neft sektorunun inkişaf etdirilməsi sahəsində əldə edilən nailiyyətlərin göz qabağında olduğunu bildirən dövlət başçısı, son beş ilə yaxın müddətdə Azərbaycanda 668 min yeni iş yerinin açıldığını, onlardan 487 mininin daimi olduğunu nəzərə çatdırmışdır.
Məruzədə 2008-ci ilin birinci rübünün Oğuz rayonu üçün də çox uğurlu olduğu, ilk üç ayda 311 yeni iş yerinin açıldığı, ümumiyyətlə isə, müvafiq Dövlət proqramının qəbulundan sonra rayonda 2142-i daimi olmaqla, 9359 yeni iş yerinin açıldığı xüsusi qeyd edilmişdir.
Rayonda aparılan genişmiqyaslı tikinti-quruculuq işləri barədə məlumat verən natiq hazırda Oğuz şəhərində smeta dəyəri 6,5 milyon manat olan Olimpiya İdman Kompleksinin, 100 çarpayılıq mərkəzi xəstəxana binasının, habelə əlil və şəhid ailələri üçün 16 mənzilli yaşayış binasının tikintisinin davam etdirildiyini, rayon mərkəzində tikilən 6 mərtəbəli mehmanxana binasında son tamamlama işlərinin aparıldığını nəzərə çatdırmışdır.
Sahibkarlığın inkişafına xüsusi qayğı göstərildiyini vurğulayan natiq ilin birinci rübündə rayon mərkəzində qlükoza zavodunun, Kərimli kəndində kərpic zavodunun, yeni emal sexlərinin tikintisinə başlanıldığını bildirmişdir. Rayonda turizmin inkişafı məsələlərinə toxunan məruzəçi hazırda rayon mərkəzində, mənzərəli bir guşədə turizm obyektlərinin inşası üçün geniş iş aparıldığını, Bayan, Baş Daşağıl, Bucaq, Xalxal, Qumlaq, Filfili və Calut kəndlərinin ərazilərində yeni istirahət mərkəzlərinin tikintisinə başlanıldığını nəzərə çatdırmışdır.
Yığıncaq iştirakçıları adından Azərbaycan Prezidenti İlham Əliyevə müraciət qəbul olunmuşdur.