Oklahoma ştatını təmsil edən konqresmen Cim Braydenstayn Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın mühüm rol oynadığını vurğulamışdır
Vaşinqton, 14 aprel (AZƏRTAC). Amerikada çıxan “Tulsa World” qəzetində ABŞ konqresinin üzvü Cim Braydenstaynın “Amerikanın enerji ehtiyatları qlobal sabitliyə təsir göstərir” sərlövhəli məqaləsi dərc edilmişdir. Müəllif yazır ki, senator Ted Kruz tərəfindən ABŞ konqresinə təqdim edilmiş Amerikanın Energetik Renessansı Aktı ABŞ-ın enerji təhlükəsizliyini artırmağa şərait yaradacaq, Şərqi Avropanın və Rusiyanın qonşularının energetika azadlığını və müstəqilliyini təmin edəcəkdir.
Cim Braydenstaynın sözlərinə görə, XV əsrdə Avropa Renessansı dövründə olduğu kimi, indi energetika sənayesində sərbəst bazarların dirçəldilməsi üzrə Kruz-Braydenstayn planı da qitə ölkələrinin vəziyyətinə güclü təsir göstərə bilər. Amerikanın Energetik Renessansı Aktı Amerikada özəl sektorda yüksək məvacibli iş yerləri açılmasına şərait yaradacaq, Amerikada enerji potensialından istifadə edilməsi və enerji resurslarının araşdırılması, tədqiq edilməsi və satışı üzərində federal qadağaların aradan qaldırılması yolu ilə ölkənin iqtisadi inkişafına səbəb olacaqdır. Cim Braydenstaynın fikrincə, bu strategiya həm istehsalçıların Yaxın Şərqdən asılılığını aradan qaldıracaq, həm də bizim müttəfiqlərimizə qarşı təcavüz təhdidlərini dəf etməyə imkan yaradacaqdır.
Müəllif yazır ki, hazırda Avropa Rusiyanın neft və qazından asılı vəziyyətdədir. Avropa İttifaqı dünyada energetika məhsullarının ən böyük idxalatçısıdır. bp şirkətinin məlumatına görə, Avropada istehlak edilən təbii qazın təxminən üçdə bir hissəsini, neftin və daş kömürün təxminən dörddə bir hissəsini Rusiya təchiz edir. Bolqarıstan, İsveç, Finlandiya və baltikyanı ölkələr idxal etdikləri qazın demək olar ki, yüz faizini Rusiyadan alırlar. Aİ üzvü olan digər yeddi ölkə idxal etdikləri qazın 50 faizə qədərini Rusiyadan alır, lakin Rusiya ilə Aİ arasında münasibətlərdə müəyyən qarşılıqlı asılılıq vardır, çünki Avropaya Rusiya qazı nə qədər lazımdırsa, Rusiyaya da Avropada qaz alıcıları bir o qədər lazımdır. ABŞ Konqresinin Tədqiqatlar Xidmətinin verdiyi məlumata görə, 2012-ci ildə Rusiyadan ixrac edilmiş qazın 80 faizdən çoxu məhz Avropaya və cəmi yeddi faizi Asiyaya göndərilmişdir.
Bu akt ABŞ-dan Avropaya maye qaz satışı üçün şərait yaradacaqdır. Qaz ixracı üçün icazə alınması barədə sifarişlər daha tez təsdiqlənəcək, xam neftin ixracına əvvəlki qadağalar ləğv ediləcək, daş kömür ixracı məsələsinə baxılması prosesi qısaldılacaq, bu da öz növbəsində, Avropa ölkələrinin təbii qazla təchizatının alternativ mənbələrini təmin etməyə imkan yaradacaqdır.
Lakin Avropa ölkələrinin enerji təhlükəsizliyi yalnız ABŞ-dan asılı deyildir. Cim Braydenstayn yazır ki, Rusiya ilə İran arasında yerləşən Azərbaycan regionun enerji təhlükəsizliyinə özəl sektorun töhfə verə biləcəyini sübut etmişdir.
ABŞ energetik informasiya idarəsinin məlumatına görə, Azərbaycan neft ehtiyatlarının həcminə görə dünyada 21-ci, qaz ehtiyatlarının həcminə görə 26-cı yeri tutur. Azərbaycan energetikanın inkişafı sahəsində mərkəzləşdirilmiş dövlət sistemini inkişaf etdirmək əvəzinə Xəzərin ehtiyatlarını Amerikanın və Qərbin energetika şirkətləri üçün əlçatan etmişdir. Bu şirkətlər Xəzər dənizində yataqların işlənməsi və hasilatı, boru kəmərləri şəbəkəsinin genişlənməsi üzrə Azərbaycanın iri tərəfdaşlarıdır.
Konqresmen Cim Braydenstayn Avropanın enerji təhlükəsizliyində Azərbaycanın rolunu diqqətə çatdırmaq məqsədilə Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanovu Tulsa şəhərindəki Oklahoma Universitetində ictimai bələdiyyə toplantısında çıxış üçün dəvət etmişdir.
Cim Braydenstayn sonda yazır ki, Azərbaycan kimi regional tərəfdaşlarla birgə səylər sayəsində ABŞ energetika sənayesinin özəl sektoru həm enerji təhlükəsizliyinə, həm də qlobal sabitliyə müsbət təsir göstərə bilər.
Xatırladaq ki, Cim Braydenstayn ABŞ konqresində Oklahoma ştatının 1-ci seçki dairəsini təmsil edir.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton