OKTYABRIN 15-16-DA TÖRƏDİLMİŞ İĞTİŞAŞLARIN TƏŞKİLATÇILARI, TƏHRİKÇİLƏRİ VƏ ZORAKILIQ EDƏNLƏR HÖKMƏN CƏZALANDIRILACAQLAR
DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, qonağı səmimiyyətlə salamlayan nazir ölkəmizdə kriminogen durumun nəzarətdə olduğunu, seçkiqabağı yaranmış nisbi gərginliyin aradan qalxdığını diqqətə çatdırmışdır.
Daxili işlər naziri ilə görüşməkdə əsas məqsədinin oktyabrın 15-16-da və sonrakı günlərdə baş vermiş hadisələrlə əlaqədar bilgi almaq olduğunu bildirən almaniyalı diplomata bununla bağlı ətraflı məlumat verilmişdir.
Nazir Ramil Usubov, həmçinin qeyd etmişdir ki, kütləvi iğtişaşlarda iştirakları ilə əlaqədar və bu proseslər zamanı müxtəlif hüquqpozmalar törətdiklərinə görə 625 nəfər saxlanılmışdır. Onlardan yalnız 77 nəfərinə cinayət törətdiyinə görə ittiham elan olunaraq barələrində həbs qətimkan tədbiri seçilmiş, 548 nəfərə isə müxtəlif inzibati tənbeh tədbirləri tətbiq edilməklə onlar azad edilmişlər.
General-polkovnik Ramil Usubov qanun qarşısında yalnız bu hadisələrin əsas təşkilatçıları və təhrikçilərinin, həmçinin vətəndaşların, o cümlədən ictimai təhlükəsizliyin təmin olunmasını həyata keçirən polis əməkdaşlarının və daxili qoşunların hərbi qulluqçularının həyatına və sağlamlığına təhlükə yaratmış, qəsdən zorakılıqlar, azğınlıqlar və dağıntılar törətmiş şəxslərin cavab verəcəklərini bildirmişdir.
Səmimi qəbula və ətraflı məlumata görə daxili işlər nazirinə minnətdarlığını bildirən səfir Klaus Qrevlix ölkəmizdə dayanıqlı sabitliyin davam edəcəyinə, hüquqi, demokratik dövlət quruculuğu sahəsində aparılan işlərin yaxın gələcəkdə Azərbaycanı hərtərəfli inkişaf etmiş dövlətə çevirəcəyinə əminliyini ifadə etmişdir.
Səmimilik şəraitində keçən görüşdə bir sıra digər məsələlərə də toxunulmuşdur.