Olimpiya mükafatçısı: Əvvəl yalnız özümü düşünürdüm, indi isə sanki boksçularımla bir yerdə rinqə çıxıb döyüşürəm - MÜSAHİBƏ

Manama, 29 oktyabr, Aynur Əlixanlı, AZƏRTAC
"London-2012" Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı, Avropa çempionu və dünya ikincisi olmuş Azərbaycanın veteran boksçusu Teymur Məmmədov AZƏRTAC-ın suallarını cavablandırıb. Həmin müsahibəni təqdim edirik.
- Boksla neçə yaşınızdan məşğul olmağa başlamısınız və bu idman növünü seçməyinizə nə səbəb olub?
- Nəslimizdə boksçular çox idi. Babam, atam, əmilərim və qardaşlarım boksla məşğul olurdular. Bir sözlə, uşaqlıqdan bu idman növü ilə böyümüşəm. Amma əvvəllər boksa ciddi yanaşmırdım. Məşqlərə mütəmadi olaraq getmirdim. Lakin 13 yaşımdan sonra bu idman növü ilə peşəkar səviyyədə məşğul olmağa başladım.
- Bu yolda ən böyük dəstəkçiniz kim olub?
- Ən böyük dəstəkçim Allah olub. Onun sayəsində özümdə hər zaman güc hiss etmişəm. Əldə etdiyim bütün uğurlara Allahın köməkliyi ilə nail olmuşam. İkinci növbədə isə ən böyük dəstəkçim atam olub.
- Boksdan başqa hansı idman növünə marağınız olub?
- Əslində, bu haqda heç vaxt düşünməmişəm. Boksçu ailəsində böyüdüyüm üçün digər idman növləri mənə yad gəlib. Mənə elə gəlir ki, boksdan başqa idman növü yoxdur (gülür). Buna görə də bu vaxta kimi heç bir idman növü diqqətimi cəlb etməyib.
- Peşəkar idmançı olmaq üçün ilk olaraq nədən başlamaq və hansı nüanslara diqqət yetirmək lazımdır?
- Bunun üçün uşaqlıqdan 2-3 il üzgüçülük və gimnastika ilə məşğul olmaq lazımdır. Bundan sonra istənilən növdə özünü sınasan, nəticə verə biləcəksən. Üzgüçülüyün insan bədəninə xeyri ondan ibarətdir ki, tənəffüs sistemin düzəlir, bədənin inkişaf edir, çiyinlərin genişlənir. Gimnastika isə bədənin koordinasiyasına və elastik olmasına kömək edir.
- Boksun çətin tərəfləri nələrdir?
- Boksda nəticə vermək üçün psixoloji cəhətdən hazır olmalısan. Burada fiziki güc əsas deyil. Elə insanlar var ki, çox əziyyət çəksələr də, istəklərinə nail ola bilmirlər. Ürəkli olmaq lazımdır. Uğura gedən yolda problemlər həmişə çox olur. Mən öz idmançı karyeramda psixoloji travmalar almışam. Təsəvvür edin ki, Prezident İlham Əliyev sənin final döyüşünü izləməyə gəlir. Sən o an heç nədən və heç kimdən qorxmursan. Sadəcə, fikirləşirsən ki, görəsən, uduzsam, necə olacaq? Bu, böyük yük və məsuliyyətdir. Həmçinin, Ermənistan təmsilçisi ilə qarşılaşanda idmançının üzərində təzyiq çox olur. Mən karyeram ərzində iki dəfə erməni boksçu ilə döyüşmüşəm. İnsan ilk olaraq onu düşünür ki, birdən alınmasa, nə edəcəyəm? Çünki bu, idmandır. Qarşındakı rəqib də çox çalışır, yarışa yaxşı hazırlaşır. Belə hallarda insanın üzərində böyük məsuliyyət olur. Dərk etməlisən ki, uduzmaq olmaz. Belə hadisələr idmançıda böyük travmalar yaradır.
- Bəs, belə məqamlarda idmançı həmin təzyiqi necə aradan qaldıra bilər?
- Düşünürəm ki, tək çarəsi dua etməkdir. Səni sevənlərin önündə başıaşağı olmamaq üçün dua edirsən. Belə anlarda sənə Allahdan başqa heç kim kömək edə bilməz. Bu, bir az da insanın psixologiyasından asılıdır. Əsasən, evdəki yarışlarda fanatlar sənə dəstək olmaq üçün döyüşünü izləməyə gəlirlər və bu, səni sıxa bilər. Nəticədə öz gücünü göstərə bilmirsən. Psixoloji durumuna nəzarət etməsən, hətta məşqlərdəki çıxışının yarısını belə göstərə bilməzsən. Azarkeşlərin dəstəyindən düzgün istifadə etmək lazımdır. Sən bunu idarə edə bilsən və özünü qabaqcadan hazırlasan, əlbəttə ki, fanatların dəstəyi sənə güc verəcək və səni daha da həvəsləndirəcək.
- İdmanın müsbət tərəfləri barədə nələr deyə bilərsiniz? İdmanla məşğul olmaq insana nələr qazandırır?
- Dövlətimizin başçısı Olimpiya Oyunlarında yaxşı nəticə göstərən idmançıları mükafatlandırır. Ümumiyyətlə, boks Azərbaycanda hörmətli idman növüdür. Əgər ciddi uğurların varsa, sən hər kəsin yanında alnıaçıq, başıdik gəzirsən. Düşünürəm ki, boks Azərbaycanda yüksək səviyyədə inkişaf edib. Ən əsası isə idmanın sağlamlığa təsiri böyükdür. Bu, istənilən idman növündə belədir. Məhz buna görə valideynlər övladlarını idmanla məşğul olmağa təşviq etməlidirlər. Digər tərəfdən isə sağalmaz zədələr alırsan. Amma uğur qazanmaq üçün qurban verməlisən. Çünki heç nə asan əldə olunmur. Sağlamlığı verirsən, amma qarşılığında uğur qazanırsan.
- Necə düşünürsünüz, idmanda şans nə dərəcə rol oynayır?
- Düzünü deyim ki, əgər bəxtin yoxdursa, şans səndən yana deyilsə, çəkdiyin əziyyətdən və fiziki gücündən asılı olmayaraq, səndə alınmayacaq. İdmanda uğur qazanmaq təkcə məşqçinin öyrətdiklərindən, sənin gücündən və bacarığından asılı deyil. Mən buna öz karyeramda da şahid olmuşam. Özümdən də güclü idmançılarla rastlaşmışam, amma onların bəxti gətirmədiyi üçün nəticə verə bilməyiblər. Bununla da idmanla vidalaşmalı olublar. Bir sözlə, şanslı olmalısan. Bəxt amili idmanda çox vacib rol oynayır.
- Hazırda yeniyetmə boksçulardan ibarət milli komandanın böyük məşqçisi kimi fəaliyyət göstərirsiniz. İdmançı karyeranızda kifayət qədər nailiyyətləriniz olub. Bəs, məşqçi kimi əsas hədəfləriniz nələrdir?
- Əvvəl məşqçiliyi tamamilə başqa cür fikirləşirdim. Açığı, belə olacağını bilsəydim, heç məşqçiliyə gəlməzdim (gülür). İdmançı olanda yalnız özümə görə narahat idim və özümü düşünürdüm. Amma indi sanki yarışlarda boksçularımızın hamısı ilə bir yerdə rinqə çıxıb döyüşürəm. Onlar uduzanda, mən də uduzuram. Qalib gələndə isə mən də onlarla birlikdə sevinirəm. Fikirləşməzdim ki, belə olar. Əvvəl yalnız özümü, indi isə 13 çəki dərəcəsində çıxış edən bütün yeniyetmə idmançılarımızı düşünürəm.
- Məşqçi hansı fərdi keyfiyyətlərə malik olmalıdır?
- Hər uğurlu idmançı yaxşı məşqçi ola bilmir. İdmançı karyerasında bir çox nailiyyətə imza atanlar düşünməsinlər ki, onlar yaxşı məşqçi ola bilərlər. Məşqçilik insanın içindən gəlməlidir. Öz təcrübəni uşaqlarla paylaşa bilməli, metodlarını onlara düzgün şəkildə ötürməyi bacarmalısan. Bu, çox çətin məsələdir. Fikrimcə, hər adam bunu bacara bilmir.
- Uğurlu idmançı karyerasına malik biri kimi boksla məşğul olmağa yeni başlayan gənclərə nə tövsiyə edərdiniz?
- İlk növbədə, onun tərbiyəsi yaxşı olmalıdır. Boks şahmat kimidir. Yeganə fərqi odur ki, sən cəld davranmalısan. Əks halda, səni adi bir səhvə görə mat qoyacaqlar. Yaxşı fikirləşib, doğru addım atmalı, səhvsiz döyüşməlisən. Çətin rəqibləri üstələyib, finala yüksəldiyi halda döyüşün bitməsinə 15 saniyə qalmış adi bir səhvə görə özünü qızıl medaldan məhrum edən idmançılar görmüşəm.
- Siz özünüz necə, belə hallarla üzləşmisiniz?
- Bəli, olub. Misal üçün, London Olimpiadasının yarımfinalında boksun ulduzu, italiyalı Klemente Russo ilə döyüşürdüm. İlk raundda öndə idim. İkinci raundda isə rəqibi iki dəfə nokdaun etmişdim. Boksda qaydalar elədir ki, 3 nokdaun etdikdən sonra döyüşü saxlayırlar və qələbə sənin olur. Mən də bütün gücümü 3-cü nokdaunu etməyə vermişdim. Lakin rəqibin planları fərqli idi. Bütün gücümü nokdauna verdiyim və yalnız ona fokuslandığım üçün döyüşün sonlarına yaxın taqətim qalmamışdı. Səhvlər etməyə başlamışdım. Nəticədə məğlub oldum. Əgər belə bir səhv etməsəydim, Olimpiadada finala vəsiqə qazanacaqdım. Bu, peşman olduğum xatirə kimi ömrümün axırınadək mənimlə qalacaq.
- İdmanda ən xoşbəxt və yaddaqalan anınız hansı olub?
- Bakıda keçirilən I Avropa Oyunlarında ölkəmizə ilk qızıl medalı mən gətirmişdim. Prezident İlham Əliyev tərəfindən şöhrət ordeni ilə təltif edildim. Dövlətimizin başçısı sağ olsun ki, bu münasibətlə bizi mükafatlandırdı. Prezidentimiz ailəsi ilə birlikdə yarışımızı izləməyə gəlmişdi. Bu, mənim üçün böyük fəxr idi.
- Azərbaycan cüdosunda "yapon sindromu" deyilən ifadə var. Bəs boksda?
- Boksda da iddialı ölkələr çoxdur. Biz Qazaxıstan, Özbəkistan, Kuba və Rusiya kimi ölkələrin səviyyəsinə çatmaq istəyirik. Düzdür, heç də onlardan geri qalmırıq. Həmişə onların döyüş taktikalarına baxıb, yeni nələrsə öyrənirik.