İDMAN
Olimpiyaçılarımızın uğurlu çıxışı oğuzluları da ürəkdən sevindirmişdir
Oğuz, 13 avqust (AZƏRTAC). Olimpiya oyunları tarixində Azərbaycan növbəti uğura imza atmışdır. Londonda keçirilən XXX Yay Olimpiya Oyunlarında 10 medal qazanan idmançılarımızın parlaq qələbəsi Oğuz ictimaiyyətini də ürəkdən sevindirmişdir. Qızıl medal qazanan güləşçilərimiz Toğrul Əsgərovla Şərif Şərifovun uğuru isə böyükdən kiçiyə kimi, bütün oğuzluların qəlbini qürur hissi ilə doldurmuşdur. Həmin gün ucalan üçrəngli bayrağımızı fərəhlə izlədik, hamılıqla himnimizi ifa etdik.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Oğuz rayonu ictimaiyyətinin olimpiyaçılarımıza ünvanladığı təbrikdə öz əksini tapmışdır. Təbrikdə daha sonra deyilir: “Prezident İlham Əliyevin diqqət və qayğısı ilə regionlarda idmanın inkişafının təmin edilməsi məqsədi ilə müxtəlif proqramların hazırlanıb həyata keçirilməsi, 2012-ci ilin “İdman ili” elan olunması öz bəhrəsini vermişdir və inanırıq ki, bundan sonra da verəcəkdir. Prezidentimizə, Vətənimizin adını yüksəldən hər bir idmançıya “çox sağ olun” deyirik. Növbəti yarışlarda qələbə qazanacaq idmançılarımızı Şuşamızın “Cıdır düzündə” qarşılamağı arzulayırıq. Müdrik, uzaqgörən Prezidentimizin sayəsində bu sevinci yaşayacağımıza əminik”.