İDMAN
Ölkə çempionatlarının 32 illik tarixində 7-ci dəfə bir komanda ilk 5 matçında qol buraxmayıb
Bakı, 2 sentyabr, AZƏRTAC
“Turan Tovuz” Azərbaycan Premyer Liqasının ilk 5 turunda qol buraxmayıb.
AZƏRTAC Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, Kurban Berdıyevin yetirmələri yalnız “Neftçi” ilə matçda xal itirib – 0:0. Qərblilər ardınca “Sumqayıt”, “Qarabağ” və “Səbail”i bir, “Kəpəz”i üç cavabsız qolla məğlub ediblər. Ölkə çempionatlarının 32 illik tarixində 7-ci dəfə bir komanda ilk 5 matçında qol buraxmayıb. Buna ilk dəfə 1993/1994-cü il mövsümündə Bakı “İnşaatçı”sı nail olub. “Xəzri” 1995/1996-cı, “Dinamo” (sonrakı “Bakı”) 1998/1999-cu illər mövsümündə bunu bacarıb. Yalnız bir komanda – “Xəzər Lənkəran” startda iki belə seriyaya imza atıb: 2007/2008 və 2010/2011-ci illər mövsümlərində. “Turan Tovuz”dan öncə 5 start oyununda qol buraxmayan sonuncu komanda “Qəbələ” olub. 2016/2017-cı il mövsümündə Dmitri Bezotosnı çempionatın ilk 5 turunda qol buraxmayan ilk legioner qapıçı kimi tarixə düşüb. “Turan Tovuz” tarixə 7-ci seriyanın müəllifi kimi düşübsə, İvan Konovalov D. Bezotosnıdan sonra bunu gerçəkləşdirən ikinci əcnəbi qolkiper olub.