REGİONLAR
Ölkəmizdə dövlət uşaq siyasətinin formalaşması və inkişafı Ulu Öndərimizin adı ilə bağlıdır
Naxçıvan, 2 iyun, AZƏRTAC
Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrında 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə tədbir keçirilib.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Emin Məmmədov ölkəmizdə dövlət uşaq siyasətinin formalaşması və inkişafının ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olduğunu vurğulayıb. Bildirib ki, uşaqların hərtərəfli şəxsiyyət və layiqli vətəndaş kimi formalaşmaları müstəqil Azərbaycan Respublikasının dövlət uşaq siyasətinin aparıcı istiqamətini təşkil edir. Bu gün ölkəmizdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə dövlət uşaq siyasəti uğurla həyata keçirilir. Uşaq və yeniyetmələrin milli-mənəvi dəyərlərimizə, tarixi köklərimizə bağlı, vətənpərvər ruhda böyüdülməsi qarşıya qoyulmuş əsas vəzifələrdəndir. Məhz həyata keçirilən məqsədyönlü siyasətin nəticəsidir ki, bu gün ölkəmizdə və onun Naxçıvan Muxtar Respublikasında yüksək intellektual səviyyəyə, milli düşüncəyə malik gələcək nəsil formalaşır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı ilə uşaqların təhsili, istedadlarının üzə çıxarılması, intellektual və mənəvi inkişafı, asudə vaxtının və tərbiyəsinin düzgün təşkili, cəmiyyətin ictimai-mədəni həyatındakı iştirakını təmin etmək məqsədilə mühüm tədbirlər həyata keçirilir.
Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova qeyd edib ki, muxtar respublikada uşaqlar hərtərəfli dövlət qayğısı ilə əhatə olunub. Bu gün muxtar respublika əhalisinin 36 faizi və ya 165 min 740 nəfəri uşaqdır. Bunlardan 1909-u sağlamlıq imkanları məhdud, 65-i hər iki valideyni vəfat etmiş və valideyn himayəsindən məhrum olmuş, 55-i isə şəhid övladıdır. Sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi, cəmiyyətə fəal inteqrasiyası məqsədilə bu gün muxtar respublikada müvafiq tədbirlər həyata keçirilir. Çıxışda “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı”nın əhəmiyyəti və icrası ilə bağlı görülən işlər barədə də məlumat verilib.
Qeyd olunub ki, muxtar respublikada uşaq hüquqlarının qorunması istiqamətində görülən ardıcıl və məqsədyönlü tədbirlərin nəticəsində dövlət uşaq müəssisələrində valideynləri tərəfindən tərk edilən, erkən nikaha və uşaq əməyinə cəlb olunan, təhsildən yayınan, hüquq pozan, cinayət məsuliyyətinə cəlb olunan uşaqlara rast gəlinmir.
Çıxış edənlər muxtar respublikada uşaqlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirib, əlamətdar gün münasibətilə uşaqları təbrik ediblər.
Naxçıvan şəhəri üzrə təhsil sahəsində ən yüksək göstəriciyə nail olan Naxçıvan şəhər 9 nömrəli tam orta məktəbin şagirdi, “Sabahın tədqiqatçıları” layihəsinin qalibi Səmayə Rəsulova yaradılan şəraitə görə dövlətimizə minnətdarlıq edib.
2021-2022-ci tədris ilində Naxçıvan şəhərində təhsil, incəsənət və idman sahəsində fərqlənən 20 istedadlı uşağa Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən fəxri fərmanlar və hədiyyələr təqdim olunub.
Sonra “Müstəqillik illərindən bəhrələnən Naxçıvan uşaqları” adlı filmə baxış olub.
Tədbirin bədii hissəsində muxtar respublikada fəaliyyət göstərən uşaq musiqi məktəblərinin, Naxçıvan Dövlət Uşaq Filarmoniyasının mahnı və rəqs ansamblının, məktəbəqədər və məktəbdənkənar təhsil müəssisələrinin, “Gənc Heydərçilər” dərnəyinin və Naxçıvan şəhər 11 nömrəli uşaq bağçasının balaca fidanlarının hazırladığı mahnı və rəqs nömrələri nümayiş etdirilib.
Sonra istedadlı uşaqların rəsm və əl işlərindən, həmçinin uşaq ədəbiyyatından ibarət sərgiyə baxış olub, uşaqlara hədiyyələr təqdim edilib.