Ölkəmizdə narkomaniyaya və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə uğurla davam etdirilir
Bakı, 30 aprel, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) Akademiyasında “Narkotik cinayətkarlığa qarşı mübarizə və sağlam həyat tərzi” mövzusunda maarifləndirmə tədbiri keçirilib.
FHN-dən AZƏRTAC-a verilən məlumata görə, Akademiyanın rəisi, general-mayor Baba Salayev qeyd edib ki, müasir dünyada cəmiyyəti narahat edən problemlər içərisində ən mürəkkəbi, faciəvi nəticələrə gətirib çıxaran narkomaniya və narkobiznesdir. Narkomaniya insanların sağlamlığına, mənəviyyatına ziyan vurmaqla yanaşı, həm də gənclər arasında narkotiklərə aludəçilik hallarının artmasına səbəb olur. Azərbaycan müstəqilliyin bərpasından sonra narkomaniya və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəni gücləndirib. Bu sahədə bir sıra uğurlu tədbirlər görülüb.
Akademiyanın rəisi bildirib ki, bu dəhşətli bəlaya qarşı ayrı-ayrı dövlət strukturları, qeyri-hökumət təşkilatları, kütləvi informasiya vasitələri, hüquq-mühafizə orqanları, təhsil və səhiyyə işçiləri birgə mübarizə aparmalıdır.
Tədbirdə Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili, polis baş leytenantı Nadir Məmmədov, İctimai Səhiyyə və İslahatlar Mərkəzinin həkimi Lətafət Dadaşova respublikada narkomaniyanın yayılmasına səbəb olan amillərdən, dövlət səviyyəsində narkomaniya qarşı mübarizədə hüquq-mühafizə orqanlarının və səhiyyə işçilərinin qarşısında duran vəzifələrdən danışıblar.