Ölkəmizdə uşaq hüquq və azadlıqlarının təmin edilməsi diqqət mərkəzindədir
Şəki, 17 noyabr, Mustafa Dadaşov, AZƏRTAC
Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində “Uşaq hüquqları aylığı” çərçivəsində silsilə tədbirlər – xüsusi dərslər, təqdimatlar, maarifləndirici seminarlar, “dəyirmi masa”lar, müsabiqələr keçirilir.
Regional Təhsil İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, tədbirlərdə şagirdlərə uşaq hüquqlarının mahiyyəti, dövlət tərəfindən uşaq hüquqlarının müdafiəsi sahəsində həyata keçirilən islahatlar barədə ətraflı məlumat verilir. Qeyd olunur ki, Azərbaycanda dövlət uşaq siyasətinin əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulub və bu siyasət hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkəmizdə uşaq hüquq və azadlıqlarının təmin edilməsi daim diqqət mərkəzində saxlanılır. Azərbaycanda uşaq hüquqlarının tam şəkildə reallaşması məqsədilə mükəmməl hüquqi baza yaradılıb.