İQTİSADİYYAT
Ölkənin dəmir yollarında yeni yoldəyişənlər quraşdırılır
Bakı, 21 avqust, AZƏRTAC
Hazırda yeni yoldəyişənlər Poylu və Gəncə stansiyalarında quraşdırılır. Dəmir yolunun hərəkət sistemində son dərəcədə böyük əhəmiyyət kəsb edən yoldəyişən qurğuların saz vəziyyətdə olması hərəkətin təhlükəsizliyinə zəmanət verən əsas amillərdən biridir. 2015- ci ildən dəmir yolunda icrasına start verilən əsaslı islahatlar çərçivəsində yeni quruluşlu yoldəyişənlərin istehsalatda tətbiqi də ciddi məsələ kimi qarşıya qoyulub, Bakı-Gəncə istiqamətində bu yeniləmələr uğurla həyata keçirilib.
“Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat katibliyindən AZƏRTAC-a bildirilib ki, avqustun 5-dən etibarən Gəncə-Böyük Kəsik istiqamətində 156 ədəd yoldəyişən qurğunun təzələnməsinə başlanılıb. Əvvəlkilərdən fərqli olaraq dəmir-beton tir və şpallar üzərində qurulan bu yoldəyişənlər hərəkətin təhlükəsizliyi və davamlılığı baxımından daha etibarlıdır. Bu günə qədər 13 ədəd yoldəyişən yenilənib və hazırda Poylu stansiyasında 4 ədəd və Gəncə stansiyasında 10 ədəd yeni qurğunun qoyuluşu həyata keçirilir. Proseslər ardıcıl şəkildə davam etdiriləcək.
Yoldəyişən qurğuların yenilənməsi işlərini “Azərbaycan Dəmir Yolları” QSC-nin 5 və 11 saylı İxtisaslaşmış Dəmir Yolu Müəssisələri icra edirlər.
“Azərbaycan Dəmir Yolları” QSC-nin Hərəkət xidməti şöbəsinin rəisi Elçin Məmmədov yeni və müasir standartlara cavab verən yeni yoldəyişən qurğular dəmir yoluna və qatarlara faydası ilə bağlı danışıb.
Onun sözlərinə görə, ümumiyyətlə yol dəyişən qurğular dəmir yolunda istifadə olunan texniki qurğudur: “Yoldəyişənin funksiyası qatarın hərəkətini istiqamətləndirməkdən ibarətdir. Onlar markalara bölünür, markaları dəyişdikcə texniki ölçüləri də dəyişir, bu isə yoldəyişənlərin üzərindəki hərəkət vasitəsinin sürətinə təsir etmiş olur. Poylu istiqamətində gedən yoldəyişənlər müasir tiplidir. Sovetlər dönəmində istifadə olunan yoldəyişənlərin alt hissəsi taxta şpallardan ibarət idi. Bu gün Azərbaycanda istifadə olunan, yeni quraşdırılan yoldəyişənlər beton tirlərin üzərində yerləşdirilir. Bu, müasir standartlara uyğundur. Baş yollarda yerləşdirilən bu yoldəyişənlər baş yolların sürətinə birbaşa təsir göstərir. Yəni, qatarın yüksək sürətlə hərəkət etməsinə şərait yaradır”.
E.Məmmədov qeyd edib ki, qatar stansiyaya daxil olarkən hərəkət sürətini azaltmalıdır: “Çünki stansiyalarda hərəkət sürəti var. Mənzillərdə hərəkət sürəti ilə stansiyalarda olan hərəkət sürəti fərqlidir. Mənzillər iki yollu və düz sahə kimi olur. Orada qatar saatda 100 kilometrə qədər sürət yığa bilir. Amma qatar stansiyaya yaxınlaşdıqda, stansiyanın içində və ya yolun üzərində tikili qurğular var. Burada artıq qatar sürətini azaltmaq məcburiyyətində qalır”.
Qeyd edək ki, yoldəyişənlər Azərbaycana Qazaxıstan və Rusiyadan sifarişlə gətirilir.