OMBUDSMAN DÜNYA BİRLİYİNİ ERMƏNİSTANIN AZƏBAYCANA QARŞI TƏCAVÜZÜNƏ SON QOYMAĞA ÇAĞIRMIŞDIR
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili Elmira Süleymanova Ermənistanın Azərbaycana qarşı təcavüzünün 20 illiyi ilə əlaqədar dünya birliyinə, beynəlxalq təşkilatlara, ombudsmanlar birliyinə müraciət edərək ermənilərin müxtəlif məzmunlu təxribatlarına uymamağa, Azərbaycanın beynəlxalq hüquqa uyğun haqlı mövqeyini dəstəkləməyə çağırmışdır.
Aprelin 29-da bu münasibətlə keçirilən brifinqdə E.Süleymanova Ermənistanın Azərbaycana təcavüzünün nəticələrindən danışaraq bildirmişdir ki, 1988-ci ildən etibarən azərbaycanlılara qarşı başlayan etnik təmizləmə siyasəti nəticəsində bu ölkə ərazisindən 200 mindən çox insan öz doğma yurdlarından silah gücünə deportasiya olunmuş, 200-dən artıq azərbaycanlı xüsusi qəddarlıqla qətlə yetirilmişdir.
Erməni işğalı nəticəsində Azərbaycan ərazisinin 20 faizi zəbt edilmiş, on minlərlə insan törədilən soyqırımı və kütləvi qırğınların qurbanı olmuş, bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş, minlərlə yaşayış məntəqəsi, təhsil və səhiyyə ocaqları, digər ictimai obyektlər, tarixi-mədəni abidələr məhv edilmişdir.
Müraciətdə dünya birliyinin Azərbaycanın ərazi bütövlüyünü tanıdığı və bununla bağlı nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən müvafiq sənədlərin qəbul olunduğu bir vaxtda Ermənistan tərəfindən qondarma “Dağlıq Qarabağ respublikası”nda vaxtaşırı müxtəlif məzmunlu “seçkilər”in və digər tədbirlərin keçirilməsi göstərilmişdir.