OMBUDSMAN TƏSİSATININ BİR İLİ TAMAM OLDU
Ombudsman Elmira Süleymanova bu qurumun fəaliyyəti ilə bağlı geniş məruzə etmişdir. O, qeyd etmişdir ki, bu müddət ərzində şikayətlərin və ölkədə insan hüquqlarına əməl edilməsinin vəziyyəti üzrə elmi-analitik iş aparılmış, ictimaiyyət, qeyri-hökumət təşkilatları və kütləvi informasiya vasitələri ilə əməkdaşlığın əsası qoyulmuş, möhkəmləndirilmiş, beynəlxalq əlaqələrin genişləndirilməsi sahəsində mühüm irəliləyişlər əldə edilmişdir. Eyni zamanda, Ombudsmanın fəaliyyətinin səmərəliliyini təmin etmək məqsədi ilə dövlət qurumları ilə əməkdaşlıq mexanizmi işlənib hazırlanmışdır. O demişdir ki, Ombudsman öz fəaliyyətini BMT-nin Azərbaycanda təmsil edilmiş nümayəndəlikləri, xarici dövlətlərin ölkəmizdəki səfirlikləri, ATƏT və Avropa Şuası ilə birgə davam etdirir, eyni zamanda müxtəlif qeyri-hökumət təşkilatları ilə sıx əlaqə qurur.
Məruzəçi bildirmişdir ki, Azərbaycan Ombudsman təsisatının fəaliyyəti dəyərləndirilmiş və bu təsisat Beynəlxalq Ombudsmanlar İnstitutuna, Avropa Ombudsmanlar İnstitutuna, İtaliya Ombudsmanlarının elmi qurumuna, həmçinin Rusiya Hüquqşünaslar Assosiasiyasına üzv seçilmişdir. Asiya Ombudsmanlar Assosiasiyasına isə üzv olmaq üçün dəvət almışdır.
Sonra Elmira Süleymanova jurnalistləri maraqlandıran suallara cavab vermişdir.