Ombudsman: Xocalı soyqırımı insanların milli mənsubiyyətinə görə amansızcasına qətlə yetirildiyi ən ağır faciələrdən biridir
Bakı, 18 fevral, AZƏRTAC
Təəssüf ki, beynəlxalq sənədlərdə, milli qanunvericilikdə milli mənsubiyyətə görə ayrı-seçkilik qadağan olunsa da, dünyada insanların milli və etnik mənsubiyyətinə görə təqib olunması, ayrı-seçkiliyə, soyqırımı kimi dəhşətli cinayətlərə məruz qalması hallarına rast gəlinir. Azərbaycan bu siyasətin nəticələrindən ən çox zərər çəkmiş ölkələrdən biridir. XX əsrin əvvəllərində soyqırımına məruz qalmış xalqımız həmin əsrin sonlarından etibarən yenidən Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və hərbi təcavüzü ilə özünü göstərən nifrət siyasətinin qurbanına çevrilib.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva “Milli mənsubiyyət hüququnun konstitusion əsasları və tarixi aspektləri” mövzusunda beynəlxalq konfransda söyləyib.
Ombudsman əlavə edib ki, Ermənistanda yaşayan 250 mindən çox azərbaycanlının etnik təmizləməyə məruz qalması, onların izlərinin əsrlərlə yaşadıqları ərazilərdən silinməsi məqsədilə tarixi-mədəni abidələrinin dağıdılması, özgəninkiləşdirilməsi məhz milli mənsubiyyətin inkar olunmasının, azərbaycanofobiya və etnik nifrət siyasətinin göstəricisi idi: “XX əsrdə dəfələrlə deportasiyaya məruz qalmış, eləcə də 1987-ci ildən başlayaraq Ermənistandan qovulmuş azərbaycanlıların hüquqlarının bərpası və bu məsələnin beynəlxalq gündəmdə yer alması üçün hazırda Azərbaycan dövləti davamlı səylər göstərir.
Məlum olduğu kimi, bu il Ermənistanın uzun illər azərbaycanlılara qarşı həyata keçirdiyi etnik təmizləmə, nifrət və soyqırımı siyasəti nəticəsində törədilmiş, bəşər tarixinə ən qanlı səhifələrdən biri kimi həkk olunmuş Xocalı soyqırımından 33 il ötür.
Bu qanlı hadisə insanların milli mənsubiyyətinə görə amansızcasına qətlə yetirildiyi ən ağır faciələrdən biridir”.