REGİONLAR
Ömrünü yaşıllığa həsr edən bağban - REPORTAJ - FOTO VİDEO
Tovuz, 4 noyabr, Ruslan Novruzoğlu, AZƏRTAC
Müxtəlif ölkələrin cürbəcür dekorativ güllərini, ağaclarını əkib becərən bağban xarici növ bitkiləri yerli iqlimə uyğunlaşdırır, daha sonra özü yetişdirir. Necə deyərlər, ömrünü yaşıl dünya naminə bağçılığa həsr edən bağban hazırda Türkiyə, Gürcüstan, İtaliya və digər ölkələrdən gətirilən 10 minlərlə bitkini becərir.
AZƏRTAC xəbər verir ki, Tovuz rayonunun Alakol kəndində yaşayan bağban Şahin Kazımov özünə ilin dörd fəslində yaşıl qalan, əksəriyyəti dekorativ bitki olan geniş bir bağ salıb. Bu bağ tropik sıx meşəni xatırladır. Gününün əksər vaxtını bağda keçirən bağban deyir ki, dekorativ ağacları 25 il bundan öncə sifarişlə xaricdən gətirib və burada satışını həyata keçirib.
İndi isə həmin bitki növlərinin toxumunu özü yetişdirir və daha xaricdən ağac, ting gətirməyə ehtiyac qalmayıb. Elə o vaxtdan bəri demək olar, gündəlik bağda ailəlikcə bu yaşıllığa qulluq edirlər. Demək olar ki, öz ömrünün 50 ilini ölkəmizin yaşıllaşmasına həsr edən fermer indi bağçasında 10 minlərlə cürbəcür dekorativ ağac, kol və gül növləri becərir. Qeyri-adi görünüşə sahib, cəngəlliyi xatırladan bağda becərilən dekorativ bitkiləri toxumundan artırır, tinginə qulluq edib böyüdür, daha sonra tələb olduqca satışını həyata keçirir. Bağban Şahin Kazımovun məqsədi ölkəni dekorativ xarici bitki növləri ilə təmin etmək, bağların, xiyaban və parkların yaşıllıqlarla bəzənməsinə öz töhfəsini verməkdir.
“Təhsilsiz olsam da ağaclar barədə geniş biliyim var. Aqronomluğu da özüm edirəm, özüm istehsal edirəm. Heç kimdən məsləhət almıram. Bağımızda dekorativ ağaclarla bərabər, meyvə ağacları da var. Ailəlikcə bütün işləri özümüz həyata keçiririk”, - deyə bağban Şahin Kazımov bildirib.
Bağda bütün fəsildə iş olduğunu deyən bağban bir azdan budama işlərini həyata keçirəcəklərini bildirir. Suvarmada da heç bir probleminin olmadığını deyir. Yaxınlıqda subartezian quyusunun olması bağı daimi suvarma ilə təmin edir. 70 yaşlı bağban deyir ki, bağlarındakı ağacları övladları kimi sevir. “Övladlarım belə uzaqda olanda bağımdakı ağaclar məni darıxmağa qoymur. Vaxtımı burada səmərəli keçirirəm”, - deyə Ş.Kazımov əlavə edib.
Bağban Afrikadan, Cənubi Amerikadan, Avropadan və digər yerlərdən maraqlı bitki toxumlarını əldə edərək onu yerli iqlimə uyğunlaşdıraraq toxum tutur, bitkini çoxaldır. Qiymətlər isə müxtəlifdir. 15 manatdan başlayır, hətta 500 manat və ondan da baha qiymətə ağac və bitki növləri satır.
Palma, qordina, aquba, azaliya, razyana və s. bitkilərin hamısı bir yerdə becərilir. Əsasən həmişəyaşıl bitkilər becərən bağban gələcəkdə təsərrüfatını bir qədər genişləndirmək niyyətindədir. Bağban kənd ərazisinin gözəlliyinə də diqqət yetirir. Bağından kənar ərazilərə, yol qıraqlarına da ağaclar əkib, yaşıllıqlar salıb.