OPEC-in Baş katibi: Azərbaycan enerji məsələləri üzrə konstruktiv dialoqun qlobal mərkəzinə çevrilib

Bakı, 10 mart, AZƏRTAC
2025-ci il iyunun 3-5-də “Baku Energy Week” (Bakı Enerji Həftəsi) 30-cu yubileyini qeyd edəcək.
“Iteca Caspian”dan AZƏRTAC-a bildirilib ki, “Baku Energy Week”in əsas hadisəsi isə 4–5 iyun tarixlərində keçiriləcək Baku Energy Forumudur. Forum enerji sahəsinin əsas iştirakçılarını, aparıcı beynəlxalq ekspertləri, investorları və biznes nümayəndələrini hər il bir araya toplayır.
“Baku Energy Forum” 2025 iştirakçılarına Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) Baş katibi Haysam Əl-Qays salamlama məktubu ünvanlayıb. Onun məktubunda forumun qlobal enerji sektorunda dialoq və əməkdaşlıq üçün mühüm bir platforma olduğu vurğulanır.
“OPEC və qeyri-OPEC istehsalçıları arasında Əməkdaşlıq Bəyannaməsinin (DoC) vacib iştirakçısı olan Azərbaycan əsas enerji məsələləri üzrə konstruktiv dialoqun qlobal mərkəzinə çevrilib. Bu, COP29-da aydın şəkildə özünü göstərdi və şübhəsiz ki, regionun enerji təqvimində önəmli yer tutan 30-cu Bakı Enerji Forumunda bir daha vurğulanacaq”, - deyə o salamlama məktubunda bildirib.
Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) Baş katibi Haysam Əl-Qays 2024-cü ildə “Baku Energy Week”in açılışında iştirak edib.
“Baku Energy Week”ə Energetika Nazirliyi dəstək göstərir, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) isə baş tərəfdaş qismində çıxış edir. Bakı Enerji Həftəsinin təşkilatçıları “Iteca Caspian” və onların beynəlxalq tərəfdaşları olan “ICA Events” və “Caspian Event Management FZ-LLC” şirkətləridir. Tədbir Azərbaycan Sərgi Təşkilatçıları Assosiasiyası (ASTA) tərəfindən dəstəklənir.