OPİK AMERİKA İŞ ADAMLARINI AZƏRBAYCANIN QEYRİ-NEFT SEKTORUNA SƏRMAYƏ QOYMAĞA ÇAĞIRIR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Amerikanın Xaricdə Fərdi İnvestisiyalar Korporasiyası (OPİK) ABŞ-Azərbaycan Ticarət Palatası ilə birgə ölkənin iş adamları üçün Azərbacyanda investisiya imkanları mövzusunda brifinq keçirmişdir. Korporasiyanın Vaşinqtondakı baş qərargahında təşkil edilən brifinq işguzar dairələrin çoxsaylı nümayəndələrini cəlb etmişdir.
“Azərbaycanda ABŞ sərmayələrinin dəstəklənməsi” mövzusunda keçirilən toplantıda OPİK rəsmiləri ölkəmizin münasib iqtisadi göstəriciləri və həyata keçirilən bazar iqtisadiyyatı siyasəti barədə məlumat vermişlər. Qeyd olunmuşdur ki, son illər Azərbaycan hökuməti ölkədə şəffaflığın yaradılması, korrupsiya ilə mübarizə, həmçinin, iş adamlarının ölkədəki fəaliyyətinə maneə yaradan digər inzibati çətinliklərin aradan qaldırılması üçün əhəmiyyətli addımlar atmışdır. Bunun nəticəsində, Azərbaycanda xarici sərmayə qoyuluşu üçün cəlbedici şərait yaradılmışdır. Bildirilmişdir ki, ölkəmizin Dövlət Neft Fondu şəffaf və məsuliyyətli fəaliyyətinə görə 2007-ci ildə BMT-nin Dövlət Qulluğu Mükafatına layiq görülmüşdür.
Bu günə qədər OPİK Azərbaycanda 6 iqtisadi layihəyə dəstək vermişdir. Bu layihələrin əksəriyyəti neft sektoruna aid olmuşdur. Hazırda isə Azərbaycanın qeyri-neft sektorunda, o cümlədən kənd təssərrüfatında, informasiya texnologiyaları və turzim sahəsində böyük imkanlar mövcuddur.
Brifinqdə çıxış edən OPİK rəsmiləri biznes dairələrinin nümayəndələrinə Azərbaycana sərmayə qoymağı tövsiyə etmiş, bu sahədə öz dəstəklərini təklif etmişlər.
######
