OQTAY MİRQASIMOVUN “OVSUNÇU” FİLMİ ANAPA KİNOFESTİVALINA TƏQDİM EDİLƏCƏKDİR
Azərbaycan Kinematoqrafçılar İttifaqının birinci katibi, xalq artisti Rasim Balayev AZƏRTAC-ın müxbirinə bildirmişdir ki, sayca 10-cu olan bu kinofestivalda ölkəmizi rejissor Oqtay Mirqasımovun “Ovsunçu” bədii filmi təmsil edəcəkdir.
2002-ci ildə “Azərbaycanfilm” kinostudiyasında Natiq Rəsulzadənin ssenarisi üzrə çəkilmiş bu film XX əsrin əvvəllərində, daha dəqiq desək, 20-ci illərdə Azərbaycanda sovet hakimiyyəti qurulduğu dövrdə baş vermiş hadisələrdən, bu hadisələrin xalqımızın mənəviyyatına təsirindən, totalitar təfəkkürün xalqın şüuruna zorla yeridilməsindən bəhs edən psixoloji dramdır.
Filmin ideyası belədir: mövcud quruluşu zorla dəyişmək olar, lakin millətin yaddaşında dərin kök salmış mənəviyyatı dəyişmək qeyri-mümkündür. Yalnız gücə güvənənlərin hamısının məhvi də labüddür.
Filmdə baş rolları Bəxtiyar Xanızadə, Fuad Poladov, Ayan Mirqasımova ifa edirlər.
Festivalın Təşkilat Komitəsinin üzvlərindən biri olan Rasim Balayev dedi ki, qaliblər aşağıdakı nominasiyalar üzrə müəyyən ediləcəklər: “Ən yaxşı kişi roluna görə”, “Ən yaxşı qadın roluna görə”, “Ən yaxşı rejissor işinə görə” və “Ən yaxşı operator işinə görə”.
Münsiflər heyətinə festivalın iştirakçıları olan ölkənin teatr və kino xadimləri, habelə ictimaiyyətin nümayəndələri daxil ediləcəkdir.