CƏMİYYƏT
Ordunuzun yüksək peşəkarlığı antiterror tədbirlərinin qısa zamanda yekunlaşması ilə nəticələndi – Hərbi ekspert

Bakı, 23 sentyabr, AZƏRTAC
Azərbaycanın son günlər apardığı antiterror tədbirləri istər beynəlxalq, istərsə də yerli təcrübə baxımından kifayət qədər böyük əhəmiyyət daşıyır. Ordumuzun bölmələri bu antiterror tədbirləri zərgər dəqiqliyi ilə həyata keçirdi. Yerli, mülki infrastrukturların, eyni zamanda sıravi insanların, sənaye obyektlərinin, yaşayış binalarının zədələnməməsi üçün burada maksimum təhlükəsizlik tədbirləri görüldü. Bu da bütün dünya təcrübəsində kifayət qədər önəmli və diqqətçəkəndir. Azərbaycanın Qarabağ iqtisadi rayonunda apardığı antiterror tədbirləri ölkəmizin ərazilərindəki qanunsuz silahlı birləşmələrin, revanşistlərin, terrorçuların, separatçı güclərin ya məhvinə, ya da ərazidən çıxarılmasına yönəlmişdi. Ona görə də biz nümayiş olunan kadrlarda da dəfələrlə gördük ki, Azərbaycan Silahlı Qüvvələri birmənalı şəkildə yalnız səngərləri, hərbi hədəfləri vurdu. Ermənistan, eləcə də Qarabağ ərazisindəki qanunsuz silahlı dəstələr anladılar ki, silahı yerə qoymaqdan, təslim olmaqdan başqa çıxış yolları yoxdur. Əlbəttə, Azərbaycanın bu təcrübəsi alqışlanmalıdır və onun dünya ictimaiyyətinə çatdırılması istiqamətində ciddi işlər görülməlidir.
Bu barədə AZƏRTAC-a açıqlamasında hərbi ekspert, jurnalist İbrahim Rüstəmov deyib.
Hərbi ekspert bildirib ki, əsgər və zabitlərimiz üzərinə düşən vəzifələrini həm strateji, həm də taktiki baxımdan peşəkarlıqla yerinə yetirdilər. Yüksək kəşfiyyat texnologiyalarına, hücum silahlarına və müşahidə cihazlarına malik olan ordumuz üçün düşmənin döyüş mövqelərini və hərbi obyektlərini üzə çıxarmaq çətin deyildi. Buna görə də Azərbaycan Ordusunun bu antiterror tədbirləri zamanı çox qısa müddətdə yüksək nailiyyətlərə, uğurlara imza atması gözlənilən idi.
Ölkəmizdə ordu quruculuğu məsələsi Prezident İlham Əliyev tərəfindən prioritet elan olunub. Ali Baş Komandan bu məsələni daim diqqətdə saxlayır, onun inkişafını, ordunun yeni silah-sursatlarla, peşəkar kadrlarla təmin olunmasını dövlət və milli maraqlarının təminatçısı kimi dəyərləndirir. Hələ 15-20 il bundan əvvəl qarşımıza qoyduğumuz məqsədlərimiz bu gün məhz dövlətimizin başçısının prinsipiallığı, ordu quruculuğuna verdiyi önəmi sayəsində reallaşmaqdadır və bu, bütün gedən proseslərin nəticəsidir.
Xatırladılıb ki, Azərbaycan Prezidenti bir neçə ay bundan əvvəlki çağırışında, eyni zamanda, hələ 2020-ci il Ermənistanın kapitulyasiya aktına imza atmasından sonrakı dövrdə düşmən ölkənin əhalisinə, istərsə də Qarabağda yaşayan ermənidilli əhaliyə müraciətində kifayət qədər ciddi humanist elementlərlə çıxış etmişdi. Ərazimizdə yaşayan ermənilərin təhlükəsizliyinə, onların sosial, mənəvi, psixoloji təminatına, bir sözlə, normal yaşayışına zəmanət veriləcəyini bildirmişdi. Həmçinin dövlətimizin başçısı könüllü sürətdə silahı yerə qoyan bütün erməni hərbi birləşmələrin əsgərlərinə amnistiya aktının tətbiq olunacağını vurğulamışdı. Ancaq bir şərtlə ki, onlar qanunlarımıza tabe olsunlar, Azərbaycan pasportlarını əldə etsinlər və ölkəmizin ərazi bütövlüyünə, suverenliyinə hörmətlə yanaşsınlar. Əks təqdirdə onların Azərbaycan ərazisində yaşaması mümkün deyil.
“Prezidentimizin çıxışlarının ana xəttini sülh təşkil edir. Fəxr edirəm ki, dövlətimiz istər təşəbbüskarlıq, istər siyasi, istərsə də hərbi baxımından düşmənindən qat-qat güclü olduğu halda sülh təklifləri ilə çıxış edir. Yəni Qarabağda yaşayan erməni əhalisinə vətəndaşlığımızı qəbul etməyi, qanunlarımıza tabe olmağı və azərbaycanlılarla bir yerdə yaşamağı təklif edir və eyni zamanda onların təhlükəsizliyinə zəmanət verir. Azərbaycan tolerant dövlət kimi ərazisində yaşayan insanların hüquqlarını qoruyur. Eyni zamanda, Prezident İlham Əliyev bu xüsusda yenə də obyektivliyi gözləyərək xüsusi bəyan etdi ki, bununla belə, Azərbaycan ərazisində yaşayan azsaylı ermənidilli əhaliyə xüsusi status, imtiyaz verilməyəcək. Əksinə onların yaşayışı üçün şərait yaradılacaq, indikindən, qeyri-hökumət təşkilatı dövründə yaşadıqlarından 10-15 dəfə yaxşı həyat sürəcəklər. Bu, həm də Ermənistana aiddir. O mənada ki, qarşı tərəf də Azərbaycanla iqtisadi, siyasi əlaqələri gücləndirərsə, Türkiyə ilə dostluq əlaqələri qurarsa, inanın ki, Ermənistanın da dividentləri kifayət qədər artacaq. Odur ki, dövlətimizin sülhyönümlü siyasəti həqiqətən də, bütün münaqişə zonalarında yaşanan hadisələrə və ölkələrə nisbətdə kifayət qədər nümunəvi və ideal mövqedir”, - deyə İ.Rüstəmov bildirib.
Onun sözlərinə görə, Ordumuz yerli əhaliyə, mülki insanlara qarşı döyüşmür, qadınlara, uşaqlara, qocalara silah qaldırmır. Yeganə məqsədimiz Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək, uzun müddət erməni işğalçılarının zəbt etdiyi torpaqlarımızda suveren hüququmuzun bərpasıdır. Bu xüsusda orada yaşayan azsaylı ermənidilli insanlara, əhaliyə qarşı nifrətimiz və kinimiz yoxdur. Biz barışıq istəyirik. Əsas hədəfimiz terrorçular, qanunsuz silahlı birləşmələr və onları dəstəkləyən revanşistlərdir: “Azərbaycan bu istiqamətdə qarşısına qoyduğu məqsədlərin hamısına nail olub. Yəni orada xırda tör-töküntülər qalıb, onun da öhdəsindən gələcəyik. İnanıram ki, dövlətimizin himayəsi sayəsində müdafiə və hücum qabiliyyətini yüksək səviyyədə saxlayan və daim inkişaf etdirən Ordumuz həmin işin öhdəsindən uğurla gələcək. Bunu erməni əhalisi, orada silah gizlədən, fürsət gözləyən ermənilər də bilməlidirlər. Bunu ağacların, kolların dibindən çıxaran və ərazimizdə yollara mina basdıran terrorçular da anlamalıdır. Azərbaycan bu məsələdə heç kimə güzəştə getməyəcək.
İ.Rüstəmov vurğulayıb ki, Qarabağ problemi artıq tarixə gömülmüşdür. Qarabağ Azərbaycanın daxili işidir və həmin məsələnin həlli üçün kifayət qədər siyasi və hərbi gücü var.