REGİONLAR
Orta İxtisas Polis Məktəbində NDU-nun tələbələri ilə görüş keçirilib
Naxçıvan, 25 may, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Orta İxtisas Polis Məktəbində nazirliyin hamiliyinə verilmiş Naxçıvan Dövlət Universitetinin Beynəlxalq münasibətlər və hüquq fakültəsinin Hüquqşünaslıq ixtisasının tələbələri ilə görüş keçirilib.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, tədbirdə çıxış edən Orta İxtisas Polis Məktəbinin rəisi, polis polkovniki Kamil Məmmədəliyev məktəbin təlim-tədris prosesində qısa zamanda müəyyən müsbət nəticələrə nail olunduğunu vurğulayıb. Bildirib ki, 2021-ci ildə polis məktəbini bitirən ilk məzunlar üçün təntənəli buraxılış mərasimi keçirilib, 25 gənc zabit daxili işlər orqanlarında müvafiq vəzifələrdə xidmətə başlayıb.
Nazirliyin Kadrlar şöbəsinin rəisi, polis kapitanı Rahin Əmirov çıxışında deyib ki, Ali Məclis Sədrinin sərəncamlarına əsasən Naxçıvan Dövlət Universitetinin Hüquqşünaslıq ixtisası Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin hamiliyinə verilib. Müvafiq sərəncamlardan irəli gələn vəzifələrin icrasına Daxili İşlər Nazirliyinin təcrübəli əməkdaşları cəlb edilməklə həmin tələbələrlə bir neçə görüş keçirilib. Naxçıvan Dövlət Universitetinin Beynəlxalq münasibətlər və hüquq fakültəsinin Hüquq fənləri kafedrasının müdiri Elman Abbasov isə hamiliklə bağlı müvafiq sərəncamların icrasının tələbələrin peşə biliklərinə yiyələnməsində böyük əhəmiyyət kəsb etdiyini bildirib.
Sonra tələbələr məktəbin tədris şəraiti ilə yaxından tanış olublar.