İQTİSADİYYAT
Orxan Məmmədov: Bu günədək 79 layihəsinin icrasına 1,4 milyon manat maliyyə vəsaiti ayrılıb
Bakı, 4 dekabr, AZƏRTAC
Hər il KOBİA tərəfindən keçirilən qrant müsabiqələri çərçivəsində startapların və sahibkarların innovasiya, texnologiya və rəqəmsallaşma sahəsində olan layihələrinə maliyyə dəstəyi göstərilir. Bu günədək keçirilən qrant müsabiqələri nəticəsində startap və sahibkarların ümumilikdə 79 layihəsinin icrasına 1,4 milyon manat maliyyə vəsaiti ayrılıb.
AZƏRTAC xəbər verir ki, bunu Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Bakıda keçirilən I Caspian İnnovation Forumda çıxışı zamanı deyib.
“Sahibkarlıq subyektlərinin fəaliyyətinin müasir tələblər səviyyəsində təşkili və rəqabət qabiliyyətinin artırılması baxımından elmi yeniliklərin biznesə inteqrasiyası xüsusi önəm kəsb edir. İnnovativ biznes və startap ekosisteminin təkmilləşdirilməsi və inkişaf etdirilməsi əsas prioritet hədəflərimizdəndir. Rəqəmsallaşma sahəsində sahibkarların layihələrinin maliyyələşdirilməsi rəqəmsal iqtisadiyyatın inkişafında və innovativ biznes modellərinin həyata keçirilməsində mühüm rol oynayır. Bu proses KOBİA tərəfindən bir sıra mexanizmlər və resurslar vasitəsilə təmin edilir. Bu günə qədər 182 KOB subyekti “Startap” şəhadətnaməsi alıb”, - deyə O.Məmmədov əlavə edib.