Orxan Məmmədov: “Caspian Agro” ölkəmizin kənd təsərrüfatı sahəsində qazandığı uğurları əyani şəkildə görməyə imkan yaradır

Bakı, 17 may, AZƏRTAC
Ənənəvi olaraq hər il keçirilən “Caspian Agro” və “InterFood Azerbaijan” sərgilərində iştirak etməyə sahibkarların marağı böyükdür. Bugünkü sərgilər ölkəmizin kənd təsərrüfatı sahəsində qazandığı uğurları, eləcə də aqrar və qida sektorlarında fəaliyyət göstərən sahibkarların nailiyyətlərini əyani şəkildə görməyə imkan yaradır.
AZƏRTAC xəbər verir ki, bu sözləri Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov Bakıda keçirilən 16-cı Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı “Caspian Agro” və 28-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi “InterFood Azerbaijan” sərgilərinin açılış mərasimindəki çıxışında deyib.
Orxan Məmmədov sərgilərin KOB-ların satış imkanlarının genişləndirilməsi, məhsul və xidmətlərinin tanıdılmasında önəmini qeyd edib: “Bildiyiniz kimi, KOB-ların satış imkanlarının genişləndirilməsi, məhsul və xidmətlərinin tanıdılmasına dəstəyin göstərilməsi vacibdir. KOBİA da səlahiyyətləri çərçivəsində bu dəstəyi göstərir. Bugünkü sərgilərdə də KOBİA 15-ə yaxın KOB subyektinə məhsul və xidmətlərini təqdim etməyə imkan yaradıb. Ümumiyyətlə, kənd təsərrüfatı və qida sənayesi KOB subyektlərinin daha çox fəaliyyət göstərdiyi sektorlardandır. KOBİA bu sektorlarda fəaliyyət göstərən KOB subyektlərini müxtəlif xidmətlər və mexanizmlər çərçivəsində hər zaman dəstəkləyir və imkan yaradır ki, onlar öz məhsul və xidmətlərini geniş auditoriyaya təqdim etsinlər”.
İdarə Heyətinin sədri vurğulayıb ki, 44 günlük Vətən müharibəsi nəticəsində işğaldan azad edilmiş torpaqlarımızın böyük iqtisadi potensialı və investisiya cəlbediciliyi, kənd təsərrüfatı üçün münbit torpaq ehtiyatına malik olması aqrar sektor və qida sənayesi üçün yeni imkanlar yaradır: “Dövlət-özəl əməkdaşlığı çərçivəsində bu potensialın reallaşdırılması aqrar və qida sənayesinin, nəticədə isə ölkə iqtisadiyyatının inkişafına öz müsbət töhfəsini verəcək. Agentlik “Caspian Agro” və “InterFood Azerbaijan” sərgilərini dəstəkləyən qurumlar sırasındadır. Bununla yanaşı, KOBİA-nın təşkilatçılığı ilə qurulmuş xüsusi stenddə aqrar və qida sektorları üzrə KOB-ların məhsul və xidmətləri tanıdılır ki, bu da onların bazarlara çıxışının və satış imkanlarının genişləndirilməsini hədəfləyir. Əminəm ki, aqrar və qida sektorlarında qazandığımız uğurların nümayiş olunduğu “Caspian Agro” və “InterFood” sərgiləri işgüzar əlaqələrin qurulmasında və inkişafına öz müsbət töhfəsini verəcək”.