SİYASƏT
Orzigül Kozixonova: Parlamentlərimiz arasındakı dostluq qrupları dövlətlərimizin münasibətlərinin dərinləşməsinə xidmət edir VİDEO
Bakı, 7 dekabr, AZƏRTAC
Son illərdə Azərbaycan və Özbəkistan arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri inkişaf etməkdədir. Əməkdaşlığımız parlamentlər arasında da davam etdirilir. Bundan sonra ticari, iqtisadi, mədəni münasibətlərin inkişaf etdirilməsi gündəlikdə əsas yer tutur.
AZƏRTAC xəbər verir ki, bu sözləri Özbəkistan Respublikası Ali Məclisi Senatının Gənclər, mədəniyyət və idman komitəsinin sədri xanım Orzigül Kozixonova dekabrın 7-də Milli Məclisdə keçirilən “Parlamentarizm: ənənələr və perspektivlər” mövzusuna həsr edilmiş beynəlxalq parlament konfransında çıxışı zamanı deyib.
“Özbəkistan və Azərbaycan parlamentləri arasında münasibətlər beynəlxalq təşkilatlar çərçivəsində də inkişaf etməkdədir. Ölkələrimizin parlamentləri arasındakı dostluq qrupları dövlətlərimizin münasibətlərinin dərinləşməsinə xidmət edir. Tərəflər fəal olaraq, qanunvericilik sahəsində təcrübə mübadiləsi edir. Bundan başqa, bu il həm Azərbaycanda, həm də Özbəkistanda uğurlu şəkildə parlament seçkiləri keçirilib. Parlamentlərimizin yeni tərkibi münasibətlərimizi daha da inkişaf etdirəcək”.