İQTİSADİYYAT
Ötən 2 ayda Astara(İran)-Astara(Azərbaycan) dəmir yolu ilə ölkəmizə 41,5 min ton yük gətirilib
Tehran, 11 iyun, AZƏRTAC
Cari ilin ötən 2 ayı ərzində İran Astara(İran)-Astara(Azərbaycan) dəmir yolu vasitəsilə Azərbaycana 41 min 535 ton yük ixrac edib.
Bu sözləri AZƏRTAC-a müsahibəsində İran Dövlət Dəmir Yolları İdarəsinin şimal bölməsinin direktoru Qulamhüseyn Validi deyib. O bildirib ki, keçən ilin müvafiq dövrü ilə müqayisədə Astara terminalından Azərbaycana ixracın həcmi 178 faiz artıb. Ümumilikdə isə ötən 2 ayda İran Astara(İran)-Astara(Azərbaycan) dəmir yolu vasitəsilə 81 min 967 ton ixrac əməliyyatı həyata keçirib ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 38 faiz artım deməkdir. Azərbaycan üzərindən yüklər əsasən Rusiya və Ukraynaya göndərilib.
Qeyd olunub ki, İran və Azərbaycan prezidentlərinin iştirakı ilə istifadəyə verilən Astara(İran)-Astara(Azərbaycan) dəmir yolu xətti iki dövlətin dəmir yolları sistemlərini birləşdirib. Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin tərkib hissəsinə daxil olan bu yol gələcəkdə daha da səmərəli fəaliyyət göstərəcək. Qəzvin-Rəşt-Astara dəmir yolunun davamı olan Astara(İran)-Astara(Azərbaycan) xətti İranı Azərbaycan vasitəsilə nəqliyyat baxımından Rusiya və Avropa ilə əlaqələndirir. Gələcəkdə Cənub Şərqi Asiya ölkələrindən Avropa ixrac olunan yüklər İranın Bəndər-Abbas limanına daxil olacaq. Buradan isə Qəzvin-Rəşt-Astara(İran)-Astara(Azərbaycan) dəmir yolu ilə Qərbi Avropaya daşınacaq. Yüklərin əks istiqamətdə də Azərbaycan üzərindən daşınması dövlət büdcəsini valyuta ilə təmin edəcək.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran