İQTİSADİYYAT
Ötən il 9048,1 kilometr uzunluğunda yeni qaz kəmərləri quraşdırılmışdır
Bakı, 22 yanvar (AZƏRTAC). “Azəriqaz” İstehsalat Birliyi tərəfindən istehlakçıların fasiləsiz və keyfiyyətli təbii qazla təchiz edilməsi, yaşayış məntəqələrinin qazlaşdırılması istiqamətində həyata keçirilən tədbirlər uğurla davam etdirilir.
İstehsalat Birliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, görülmüş işlərin nəticəsidir ki, 2013-cü ildə qaz infrastrukturunun nəqletmə imkanlarının artırılması məqsədilə 9048,1 kilometr uzunluğunda yeni qaz kəmərləri çəkilmişdir. Bu, indiyədək qeydə alınmış ən yüksək göstəricidir.
Qaz kəmərləri şəbəkəsinin təhlükəsiz və normal rejimdə istismarının təmin olunması üçün 1774,7 kilometrlik qaz kəmərləri əsaslı təmir olunmuşdur.
Ötən il istehlakçıların qaz təchizatının yaxşılaşdırılması məqsədilə, həmçinin 1560 ədəd qaztənzimləyici və 1071 ədəd müxtəlif diametrli siyirtmə quraşdırılmışdır.