Ötən il Bəstəkarlar İttifaqının fəaliyyətində uğurlu il kimi yadda qalıb
Bakı, 25 yanvar, AZƏRTAC
Ötən il Azərbaycan Bəstəkarlar İttifaqının fəaliyyətində uğurlu il kimi yadda qalıb.
AZƏRTAC-a ittifaqın mətbuat xidmətindən bildiriblər ki, il ərzində bir sıra görkəmli bəstəkarların yubileyləri qeyd olunub, konsertlər, elmi konfranslar və digər tədbirlər təşkil edilib.
Azərbaycan Bəstəkarlar İttifaqında dünya şöhrətli bəstəkar Qara Qarayevin 100 illik yubileyinə həsr olunmuş elmi konfrans, “Qara Qarayevin sinfinin məzunları” adlı tədbir, eləcə də Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru Nailə Mehdiyevanın rus dilində işıq üzü görən “Qara Qarayevin kino musiqisi” kitabının təqdimatı olub.
Ötən il ölkəmiz Bəstəkarlar İttifaqının da təşkilatçısı olduğu bır sıra beynəlxalq tədbirlərə ev sahibliyi edib. Belə ki, martın 7-14-də Bakıda Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi, Bəstəkarlar İttifaqı, Azərbaycan Milli Elmlər Akademiyası və Azərbaycan Milli Konservatoriyasının birgə təşkilatçılığı ilə “Muğam aləmi” V Beynəlxalq Muğam Festivalı keçirilib.
İyunun 27-də isə Azərbaycanın qədim sənət və mədəniyyət mərkəzlərindən olan Şəkidə növbəti musiqi bayramı - Şəki “İpək Yolu” IX Beynəlxalq Musiqi Festivalı təşkil edilib. Mədəniyyət Nazirliyinin, Bəstəkarlar İttifaqının və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə iyulun 1-dək keçirilən festivalda Türkiyə, Rusiya, Macarıstan və Qazaxıstandan gəlmiş rəqs və musiqi qrupları, istedadlı ifaçılar, həmçinin Azərbaycanın tanınmış teatr və musiqi kollektivləri iştirak ediblər.
Qeyd edək ki, hər iki festivalın bədii rəhbəri, Xalq artisti, UNESCO-nun Sülh artisti Firəngiz Əlizadə olub.
Bakıda Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə sentyabrın 18-dən 29-dək keçirilən Üzeyir Hacıbəyli X Beynəlxalq Musiqi Festivalında Bəstəkarlar İttifaqı da yaxından iştirak edib. Festival çərçivəsində Bəstəkarlar İttifaqında “Üzeyir Hacıbəyli və Azərbaycan Xalq Cümhuriyyəti” mövzusunda elmi konfrans və Şuşa şəhər musiqi məktəblərinin iştirakı ilə “Şuşanın sədaları” adlı konsert təşkil olunub.
Ötən il qurumda bir sıra görkəmli mədəniyyət xadimlərinin yubileyləri də qeyd edilib. Tanınmış bəstəkarlar Məmməd Cəfərovun 60, Xalq artisti Elza İbrahimovanın 80, Rəna Qədimovanın 60 illik yubileyinə həsr olunmuş müəllif konserti, Xalq artisti Hacı Xanməmmədovun anadan olmasının 100 illiyinə həsr olunmuş elmi konfrans keçirilib.
Mayın 4-də Bəstəkarlar İttifaqında dünya şöhrətli siyasətçi, ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyi münasibətilə “Heydər Əliyev və Azərbaycan bəstəkarlıq məktəbi” mövzusunda elmi konfrans keçirilib.
Bəstəkarlar İttifaqında Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, ədəbiyyatşünas Tərlan Quliyevlə görüş təşkil olunub. “Müasirlərlə dialoq” layihəsi çərçivəsində dahi bəstəkarımız Üzeyir Hacıbəylinin vəfatının 70-ci ildönümünə həsr olunan “Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətində Üzeyir Hacıbəylinin rolu” mövzusunda görkəmli tarixçi-alim, tarix üzrə fəlsəfə doktoru Firdovsiyyə Əhmədova ilə görüş keçirilib.
Xalq artisti, Dövlət mükafatı laureatı Tofiq Quliyevin anadan olmasının 100 illiyinə həsr olunan Tofiq Quliyev adına I “Estrada mahnısı” müsabiqəsinin qaliblərinin mükafatlandırılma mərasimi keçirilib. Görkəmli bəstəkar, Xalq artisti, Ü.Hacıbəyli mükafatı laureatı, professor Tofiq Bakıxanovun mərhum bəstəkar, Xalq artisti, professor Vasif Adıgözəlovun və tanınmış müğənni, Əməkdar incəsənət xadimi Rauf Adıgözəlovun xatirəsinə həsr etdiyi müəllif-konserti olub.
Noyabrın 30-da Bakı Kitab Mərkəzində “Firəngiz Əlizadə - dünya şöhrətli bəstəkarımız” adlı kitabın təqdimatı keçirilib.
Dekabrın 11-də Azərbaycan Bəstəkarlar İttifaqında ümummilli lider Heydər Əliyevin vəfatının 15-ci ildönümünə həsr olunmuş konfrans təşkil edilib.