CƏMİYYƏT
Ötən il dövlət yol polisinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində önəmli addımlar atılmışdır
Bakı, 19 yanvar (AZƏRTAC). Ötən il dövlət yol polisinin maddi-texniki bazasının möhkəmləndirilməsi, eləcə də sosial müdafiəsinin daha da gücləndirilməsi, xidməti fəaliyyətin təkmilləşdirilməsi istiqamətində önəmli addımlar atılmışdır.
AZƏRTAC xəbər verir ki, bu sözləri Baş Dövlət Yol Polisi İdarəsində 2011-ci ildə yol hərəkəti təhlükəsizliyinin təmin olunması sahəsində görülən işlər və qarşıda duran vəzifələrə həsr edilmiş geniş əməliyyat müşavirəsində daxili işlər naziri, general-polkovnik Ramil Usubov demişdir.
Nazir bildirmişdir ki, ötən il Azərbaycan Prezidentinin müvafiq fərmanları ilə DYP xidməti əməkdaşlarının aylıq vəzifə maaşları orta hesabla 50 faiz artırılmış, respublikamızın ərazisinə idxal edilən nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi və uçota alınması ilə bağlı işlərin “bir pəncərə” prinsipi əsasında həyata keçirilməsinə başlanılmış, ümumiyyətlə, yol hərəkəti təhlükəsizliyinin təmini ilə bağlı 13 qanun, fərman və sərəncam imzalanmışdır.