CƏMİYYƏT
Ötən il Göyçayda 329 nəfər işlə təmin edilmişdir
Göyçay, 29 yanvar (AZƏRTAC). Göyçay rayonunda vətəndaşların məşğulluğunun təmin edilməsi istiqamətində lazımı tədbirlər görülür.
Göyçay Rayon Məşğulluq Mərkəzindən AZƏRTAC-a bildirmişlər ki, 2013-cü ildə mərkəzə 655 nəfər işaxtaran vətəndaş müraciət etmişdir. Onlardan 329-u öz peşəsinə uyğun işlə təmin olunmuşdur.
Vətəndaşlar əsasən yerli istehsal və emal müəssisələrində, restoran və mağazalarda, eləcə də tikinti, sosial, kommunal xidmətlər, su-kanalizasiya sahələrində işlə təmin olunmuşlar. Eyni zamanda, 4 nəfər kvota yerinə işə göndəriş almış, 35 nəfərə işsizlik müavinəti ödənilmişdir.
Bundan başqa, rayon məşğulluq mərkəzi iş tapmaqda çətinlik çəkən 100-dən çox gənci Göyçay Regional Peşə Tədrisi Mərkəzində kompyuter, sahibkarlığın əsasları, bərbər, tikişçi sahələri üzrə peşə hazırlığı kursuna cəlb etmişdir.