İQTİSADİYYAT
Ötən il paytaxtın əsas küçə və prospektlərində 12 min 815 qanunsuz parklanma faktı qeydə alınmışdır
Bakı, 20 fevral (AZƏRTAC). Paytaxtın avtomobil yolları yetərincə normal nəqliyyat ötürücülüyünə malikdir. Tıxacların yaranmasının əsas səbəbi isə parklanma qaydalarına düzgün əməl edilməməsidir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) ötənilki fəaliyyətinə və qarşıda duran vəzifələrə həsr olunmuş mətbuat konfransında Mərkəzin baş direktoru Elnur Abdullayev demişdir.
Qanunsuz Parklanmaya Nəzarət Sisteminin proqram təminatının təkmilləşdirildiyini bildirən baş direktor əlavə etmişdir ki, hazırda test rejimində çalışan bu sistem istifadəyə tam hazırdır. Mərkəz tərəfindən tədbirlər görülür ki, müvafiq qanunvericiliyin qəbulundan sonra sistem tam gücü ilə fəaliyyət göstərsin.
Ötən il NİİM tərəfindən şəhərin əsas küçə və prospektlərində 12 min 815 qanunsuz parklanma faktının qeydə alındığını diqqətə çatdıran E.Abdullayev qeyd etmişdir ki, bu gün Bakı şəhərində 44 nöqtədə Qanunsuz Parklanmaya Nəzarət Sistemində işləyən kamera quraşdırılmışdır. Bu cihazlar vasitəsilə avtomobillərin qeyri-qanuni parklanması görüntülənir və qeydə alınır.