İQTİSADİYYAT
Ötən il vergi ödəməkdən yayınma, qanunsuz sahibkarlıq və digər faktlar üzrə 519 cinayət işi başlanmışdır
Bakı, 29 yanvar (AZƏRTAC). Ötən il vergi ödəməkdən yayınma, qanunsuz sahibkarlıq, yalançı sahibkarlıq, aksiz markaları ilə markalanmamış malların satılması faktları üzrə Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti tərəfindən 519 cinayət işi başlanmışdır.
Nazirliyin analitik-informasiya şöbəsindən AZƏRTAC-a bildirmişlər ki, həmin cinayət işlərindən 212-si səyyar vergi yoxlamalarının nəticələri, 286-sı vergi borcunun ödənilməməsi, 15-i vergi nəzarəti tədbirlərinin nəticəsinə dair vergi orqanlarından, 6-sı isə digər hüquq mühafizə orqanlarından daxil olmuş materiallar üzrə başlanmışdır.
Hesabat dövründə Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin istintaq idarəsinin icraatında olmuş cinayət işlərindən 383-nün ibtidai istintaqı tamamlanmışdır. Bu işlər üzrə cəmi 122 nəfər barəsində 124 iş ittiham aktı ilə baxılması üçün məhkəmələrə göndərilmişdir.
Həmin müddətdə 259 işin icraatına xitam verilmiş, 20 nəfər təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Habelə 167 iş üzrə müəssisə rəhbərləri və fiziki şəxslər yayındırdıqları vergiləri ibtidai istintaq zamanı tamamilə ödədiklərinə görə cinayət məsuliyyətindən azad edilmişlər.
Cinayət işlərinin araşdırılması zamanı dövlət büdcəsinə 31 milyon 363,6 min manat vəsait ödənilmişdir. Bu da 2012-ci illə müqayisədə 2,1 dəfə çoxdur.
Əməliyyat-axtarış tədbirləri nəticəsində barələrində axtarış elan edilmiş 37 nəfər tutularaq istintaqa təhvil verilmişdir. Vergi yoxlamalarından yayınan, fəaliyyətləri barədə bəyannamə təqdim etməyən və əmlakın siyahıya alınmasına maneçilik törədən 636 nəfər vergi ödəyicisi tapılıb müvafiq vergi orqanlarına təqdim edilmişdir.
Vergi hüquqpozmalarına yol vermiş şəxslər barəsində qanunda nəzərdə tutulmuş qaydada mübarizə tədbirləri davam etdirilir.