MƏDƏNİYYƏT
“Öz məşəlini alovlandır!”
Bakıda “Eurovision-2012” mahnı müsabiqəsinin final şousu
çox möhtəşəm başlamışdır
Bakı, 27 may (AZƏRTAC). Mayın 26-da saat 00:00-da “Baku Crystal Hall”da 57-ci “Eurovision” mahnı müsabiqəsinin final şousu başlamışdır.
Final şousu Azərbaycan paytaxtından birbaşa 57-ci “Eurovision” mahnı müsabiqəsinin 42 iştirakçı dövləti də daxil olmaqla Avropanın 50-dən çox ölkəsində canlı yayımlanır.
AZƏRTAC xəbər verir ki,“Baku Crystal Hall”un səhnəsinə ilk olaraq Azərbaycanın dünya şöhrətli muğam ustası Alim Qasımov çıxmışdır. Görkəmli xanəndənin ifasında muğam parçası hərarətlə qarşılanmışdır.
Daha sonra möhtəşəm rəqslər və “Natiq” ritm qrupunun ifası şouya xüsusi rəng qatmışdır.
Ənənəyə uyğun olaraq, final şousunu ötənilki müsabiqənin qalibi Ell & Nikki dueti keçən il Almaniyanın Düsseldorf şəhərində Azərbaycana qələbə qazandırmış “Running Scared” mahnısı ilə açmışdır.
Sonra “Eurovision-2012” mahnı müsabiqəsinin aparıcıları Nərgiz, Leyla və Eldar final şousunun iştirakçılarını salamlamışlar.
Açılış mərasimindən sonra finala vəsiqə qazanmış 26 ölkənin təmsilçilərinin çıxışları başlanmışdır.
Bakı səhnəsinə ilk olaraq 57-ci “Eurovision” mahnı müsabiqəsinin final şousunda birinci çıxış edən britaniyalı müğənni Engelbert Hamperdink çıxmışdır. Müsabiqədə ölkəsini “Love Will Set You Free” mahnısı ilə təmsil edən əfsanəvi müğənninin çıxışı hərarətlə qarşılanmışdır.
Britaniyalı ifaçının ardınca “Baku Crystal Hall”un səhnəsinə Macarıstanın “Compact Disco” rok qrupu, Albaniya təmsilçisi Rona Nişliu, litvalı Donni Montell, Bosniya və Herseqovina təmsilçisi Maya Sar çıxacaqlar.
Rusiyanı təmsil edən “Buranovskiye babuşki” qrupu səhnədə altıncı sırada yer alacaqdır. İslandiya təmsilçiləri Qreta Saloume və Younsi yeddinci, Kiprdən olan İvi Adamou səkkisinci, Fransa təmsilçisi, İndoneziya əsilli pop müğənnisi Anqun doqquzuncu, italiyalı iştirakçı Nina Zilli onuncudur.
Daha sonra “Baku Crystal Hall”un səhnəsinə estoniyalı Otta Lepland, Norveç təmsilçisi Tooji Keshtar çıxacaqlar. Yarışmanın ev sahibi - Azərbaycanı təmsil edən Səbinə Babayevanın çıxışı 13-cü olacaqdır. O, “When the music dies” mahnısını ifa edəcəkdir. Ondan sonra Rumıniyanı təmsil edən “Mandinga” qrupu, danimarkalı müğənni Soluna Samay, Yunanıstan təmsilçisi Eleftheria Eleftheriou çıxış edəcəklər.
Bukmekerlərin final şousunun favoriti hesab etdikləri isveçli müğənni Lorinin sıra nömrəsi 17-cidir. Ondan sonra Türkiyə təmsilçisi Can Bonomo, ispaniyalı iştirakçı Pastora Soler, almaniyalı müğənni Roman Lob, Maltadan olan Kurt Kalleya, Makedoniyanı təmsil edən Kaliopi Bukle, İrlandıyanın “Jerward” pop-dueti, Serbiya təmsilçisi Zeljko Yoksimoviç, ukraynalı Qaytana Essami və Moldova təmsilçisi Paşa Parfeni öz performanslarını nümayiş etdirəcəklər.
Çıxışlar başa çatdıqdan sonra səsvermə başlayacaqdır.
Səsvermə üçün ayrılmış vaxtda səhnəyə tanınmış müğənni və bəstəkar Emin Ağalarov çıxacaqdır. Onu səhnədə 68 nəfərlik heyət, eləcə də Azərbaycan kamera orkestrinin 15 qadın skripkaçısı müşayiət edəcəkdir.
Emin Ağalarovun təqdim etdiyi “Məşəli alovlandır!” şousu Azərbaycanın qədim musiqi aləti balabanın səsi ilə başlayır. Bu performans skripkaçıların ifası ilə davam edir. Daha sonra isə nağaraçalanlar şouya qoşulur. Ardınca səhnədə alov püskürür. Bu isə möhtəşəm bir görüntü yaradır. Elə bu zaman Emin Ağalarov 20 metr hündürlükdən səhnəyə enir və "Never Enough" mahnısını ifa edir.
Sonra səsvermənin nəticələri elan ediləcəkdir.
“Eurovision-2012” mahnı müsabiqəsinin qalibi tamaşaçıların və peşəkar münsiflərin səsləri əsasında müəyyənləşəcəkdir.
Azərbaycan paytaxtında keçirilən 57-ci “Eurovision” mahnı müsabiqəsi qalib ölkə təmsilçisinin mətbuat konfransı ilə başa çatacaqdır.