MƏDƏNİYYƏT
“Öz məşəlini alovlandır!”
Əfsanəvi idmançı Arvidas Sabonis “Eurovision” müsabiqəsinin finalında Azərbaycan nümayəndəsinə səs verəcəkdir
Vilnüs, 26 may (AZƏRTAC). Mayın 26-da Bakıda keçirilən 57-ci “Eurovision” müsabiqəsinin qalibi məlum olacaqdır.
Azərbaycanın Litvadakı səfirliyindən AZƏRTAC-a bildirmişlər ki, Litvanın bir çox tanınmış mədəniyyət xadimləri, idmançılar və şou-biznes nümayəndələri, o cümlədən Arvidas Sabonis, Rimas Kurtinaytis, Vladas Qarastas, Vladimir Prudnikovas, Merunas Vitulskis, Eqmontas Bjeskas, Karina Krisko-Skambine əmindirlər ki, finalda gözəl səs sahibi, Azərbaycan nümayəndəsi Səbinə Babayevanı dəstəkləyəcəklər.
Əfsanəvi basketbolçular Azərbaycana səmimi hisslər bəsləyirlər. Vaxtilə tanınmış basketbolçu Arvidas Sabonis deyir ki, bu gün “Eurovision” mahnı müsabiqəsində Azərbaycan nümayəndəsini dəstəkləyəcəkdir, çünki azərbaycanlıları litvalıları sevən qonaqpərvər xalq kimi tanıyır.
O demişdir: “Azərbaycana səs verəcəyəm ki, Litvanı bu ölkə ilə səmimi dostluq əlaqələri bağladığını nümayiş etdirim. İnanıram ki, Litvada mənim çoxlu həmfikirlərim vardır və onlar da “Eurovision”da Azərbaycan nümayəndəsini dəstəkləyəcəklər”.
Dörd ildir ki, Azərbaycanda yaşayıb işləyən keçmiş basketbolçu və məşqçi Rimas Kurtinaytis də bildirmişdir ki, Azərbaycanı sevdiyi üçün S.Babayevanı dəstəkləyəcəkdir: “Mən birmənalı şəkildə Azərbaycanı dəstəkləyəcəyəm. Bu ölkənin vətəndaşlarının “Eurovision” müsabiqəsini ən yüksək şəkildə təşkil etməyə necə çalışdıqlarını bilirəm. Azərbaycan Olimpiya Oyunlarını da yaxşı təşkil edə bilər. Onlar hər şeyi yaxşı edirlər”.
Əfsanəvi basketbol məşqçisi V.Qarastas deyir ki, o, Azərbaycanı və onun xalqını sevdiyi üçün ölkəmizi dəstəkləyəcəkdir. V.Qarastas demişdir: “Mən dəfələrlə bu ölkədə olmuşam, mənim orada çoxlu tanışlarım vardır. Azərbaycan “Eurovision”u çox yüksək səviyyədə təşkil etmişdir və bu, möhtəşəm müsabiqədir. Azərbaycanlıların Litva ifaçısı D.Montvidası özlərinki kimi qarşılamasını gördük”.
Milli operanın solisti, professor V.Prudnikovas Azərbaycan ifaçısını təkcə onun istedadına görə deyil, həm də Azərbaycanın D.Montvidasa pərəstiş etdiyi üçün bu ölkəyə minnətdarlıq naminə dəstəklədiklərini bildirmişdir: “Bilirəm ki, azərbaycanlıların çoxu Donatası dəstəkləyir, buna görə də düşünürəm ki, litvalılar Səbinəni dəstəkləməlidirlər. Təkcə mən yox, bütün ailə üzvlərim Səbinənin istedadının vurğunudur. Odur ki, Azərbaycan nümayəndəsinə çoxlu səs göndərəcəyik. Düşünürəm ki, o, çox səmimi və yaxşı insan, gözəl ifaçıdır”.
Digər opera müğənnisi M.Vitulskisin sözlərinə görə, yüksək xarizmaya və vokal istedadına malik Azərbaycan ifaçısının mahnısı mürəkkəbliyi ilə fərqlənir. O demişdir: “Azərbaycan nümayəndəsi Səbinə Babayevanın necə çıxış edəcəyi mənim üçün çox vacibdir. Onun ifası mənə çox xoş gəlir. İsveç nümayəndəsi də xoşuma gəlir. Buna görə də Azərbaycana və İsveçə səmimi qəlbdən səs verəcəyəm”.
Beş il əvvəl Azərbaycanda işləməyə başlayan prodüser E.Bjeskas bu ölkəyə və xalqa ilk gündən vurulmuşdur. Azərbaycanda çoxlarının Litvanı tanıması və bu ölkə barədə ancaq xoş sözlər deməsi onu heyran etmişdi. E.Bjeskas demişdir: “Mən çox səyahət etmişəm, lakin dünyanın heç bir ölkəsi məndə Azərbaycan kimi təəssürat oyatmamışdır. Azərbaycan mənim ikinci evimdir. Burada məni və digər litvalıları həmişə gözləyir və hörmətlə qarşılayırlar. Əgər azərbaycanlılar bizə müsbət münasibət bəsləyir və hörmət edirlərsə, biz bunu qiymətləndirməliyik”.
E.Bjeskası Azərbaycanın “Eurovision”dakı nümayəndəsi ilə mehriban dostluq əlaqələri bağlayır. S.Babayeva E.Bjeskasın rejissoru olduğu “Notor-Dam” müziklında oxumuşdur. Odur ki, Litva şou-biznesinin tanınmış nümayəndəsi bu gün kimə səs verəcəyinə əmindir.
Prodüser deyir: “D.Montvidas kimi S.Babayeva da “Eurovision”un zövqünə uyğun gəlməyə səy göstərmirlər. Səbinə olduqca istedadlı ifaçıdır və karyerasında yüksək zirvələr qazanmaq üçün böyük imkanları vardır. Şübhə etmirəm ki, onun ifası ən yüksək qiymətə layiqdir”.
“69 nebo” qrupunun lideri, teleaparıcı Karina Krisko-Skambine finalda Azərbaycan nümayəndəsini dəstəkləyəcəkdir. Onun Azərbaycanla bağlı xeyli xoş xatirələri vardır. Bakıya gəlməmişdən bir neçə gün əvvəl Karinanın ilk övladını gözlədiyi məlum olmuşdur. Karina deyir: “Oğlum Mayusun ilk günləri, demək olar ki, Azərbaycanda keçmişdir. Buna görə də bu ölkəyə güclü hisslər bəsləyirəm. Bundan əlavə, Azərbaycan məni təbiəti ilə valeh etmişdir. Dünyada cəmi 12 iqlim zonası vardır, bu zonanın 9-nu burada görmək olar. Bu ölkəyə, onun təbiətinə və mehriban insanlarına valeh olmamaq mümkün deyildir”.
S.Babayevanın “When The Music dies” mahnısında misilsiz muğam elementləri səslənir. Bu, güclü və füsunkar ifaçının səmimi hisslərini ifadə edən dramatik sevgi hekayətidir.
Nigar Hüseynova
AZƏRTAC-ın xüsusi müxbiri
Vilnüs