MƏDƏNİYYƏT
“Öz məşəlini alovlandır!”
İslandiya təmsilçiləri “Baku Crystal Hall”un səhnəsində
“Never Forget” mahnısını ifa etmişlər
Bakı, 27 may (AZƏRTAC). İslandiyanın “Eurovision-2012” mahnı müsabiqəsindəki təmsilçiləri Qreta Salome & Yonsi yarışmanın finalında “Baku Crystal Hall”un səhnəsinə yeddinci çıxmışlar.
AZƏRTAC xəbər verir ki, müsabiqədə İslandiyanı “Never Forget” mahnısı ilə təmsil edən iştirakçıların səhnə geyimində qara rəng üstünlük təşkil etmişdir.
İslandiyalı müğənnilərin səhnədə nümayiş etdirdikləri performans, o cümlədən Qreta Salomenin skripkada ifası tamaşaçıların marağına səbəb olmuşdur. Arxa fonda mavi səma və buzlaqların təsvirinə baxmayaraq, Qreta Salome & Yonsinin ifa etdikləri mahnıdan “Baku Crystal Hall”un zalına mülayim ab-hava yayılmışdır.
İslandiyalı müğənni və skripkaçı Qreta Salome 1986-cı ildə dünyaya gəlmişdir. Qreta Salome 4 yaşından skripkada ifa etməyə başlamışdır. Onun duet ortağı Yonsi təxəllüslü İslandiya müğənnisi Jon Josef Snabjornsson 1977-ci ildə doğulmuşdur. Musiqi karyerasına 1997-ci ildən başlayan Yonsi 1998-ci ildən “İn black clothing” qrupunun üzvüdür. O, ilk debütünü həmin qrupun tərkibində 1999-cu ildə etmişdir.