MƏDƏNİYYƏT
“Öz məşəlini alovlandır”
Makedoniya təmsilçisi Kaliopi Bukle finalda iyirmi ikinci çıxış etmişdir
Bakı, 27 may (AZƏRTAC). “Baku Crystal Hall”da keçirilən “Eurovision-2012” mahnı müsabiqəsinin finalında səhnəyə iyirmi ikinci çıxan Makedoniya təmsilçisi Kaliopi Bukle olmuşdur.
AZƏRTAC xəbər verir ki, xanım müğənni müsabiqədə ölkəsini müəllifi olduğu “Black and White” mahnısı ilə təmsil etmişdir.
Balkanlarda məşhur müğənnilərdən biri olan Kaliopi Bukle vətənində 100-dən çox konsert vermiş, bir sıra teatr tamaşalarında və filmlərdə rol almışdır.
Doqquz yaşında musiqi sahəsində ilk qələbəsini əldə edən makedoniyalı təmsilçi 1996-cı ildə “Skopye” festivalında birinci yerə layiq görülmüşdür. Kaliopi Buklenin indiyədək işıq üzü görmüş doqquz musiqi albomunun hər biri “Album Of The Year” (İlin Albomu) nominasiyasında qalib seçilmişdir.
Makedoniyalı təmsilçi ölkəsində məşhur pop ifaçısı, bəstəkar, şair kimi tanınmaqla yanaşı, həmçinin humanitar tədbirlərdə də fəal iştirak edir. Kaliopi Makedoniya iqtisadiyyatının dünyadakı fəxri səfiri, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının fəxri səfiri adına layiq görülmüşdür.