MƏDƏNİYYƏT
“Öz məşəlini alovlandır!”
“Musiqi və xalq sənəti həftəsi” çərçivəsində “Bəyaz gecələr” instrumental ansamblının konserti olmuşdur
Bakı, 26 may (AZƏRTAC). Mayın 26-da Filarmoniya bağında Mədəniyyət və Turizm Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti və Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin (BŞMTİ) birgə təşkilatçılığı ilə “Musiqi və xalq sənəti həftəsi” çərçivəsində “Bəyaz gecələr” instrumental ansamblının konserti olmuşdur.
AZƏRTAC xəbər verir ki, “Eurovision-2012” mahnı müsabiqəsi zamanı xarici qonaqlara və turistlərə Azərbaycanın tarixi və mədəni irsi, zəngin mədəniyyəti, digər sahələr haqqında məlumatların çatdırılması, müvafiq xidmətlərin keyfiyyətinin yüksəldilməsi məqsədi ilə keçirilən həftə çərçivəsində sərgilər mayın 27-dək davam edəcəkdir.
Konsertdə müğənni Səyyad Əlizadənin rəhbərliyi ilə “Bəyaz gecələr” instrumental ansamblının ifasında “Yaşa, mənim xalqım”, “Qarabağ”, “İntizar”, “Mehriban insanlar”, “Azərbaycan”, “Arzularla yaşadım”, “Dil açarmı”, “Yaşamaq istəyirəm”, “Gözlərimin işığı”, “Nə tez unudulmuşam”, “Saçlarım bəyaz oldu” və s. mahnıları səslənmişdir.
Konsert paytaxt sakinləri və şəhərimizin qonaqları tərəfindən hərarətlə qarşılanmışdır.