MƏDƏNİYYƏT
“Öz məşəlini alovlandır!”
Rumıniya təmsilçiləri “Eurovision-2012” mahnı müsabiqəsinin finalında mükəmməl performansla diqqəti çəkmişdir
Bakı, 27 may (AZƏRTAC). Rumıniyanın “Eurovision-2012” mahnı müsabiqəsindəki təmsilçisi “Mandinga” qrupu yarışmanın finalında “Baku Crystal Hall”un səhnəsində yaddaqalan ifa nümayiş etdirmişdir.
AZƏRTAC xəbər veir ki, qrup “Eurovision-2012” mahnı müsabiqəsində Rumıniyanı ispan və ingilis dillərində, Latın Amerikası ritmlərində yazılan “Zaleilah” mahnısı ilə təmsil etmişdir.
Təqdim edilmiş şux ifanı arxa fonda və səhnədə əks olunan rəngarəng çalarlar tamamlamışdır.
“Mandinga” qrupu qırmızı qısa paltar və sərinkeşlə dalğalandırılan və havaya doğru qalxan ətək geyinmişdir. Qrupun səhnədə nümayiş etdirdiyi performans tamaşaçıların marağına səbəb olmuşdur.
“Mandinga” qrupu 7 nəfərdən ibarətdir. Qrupda Yelena, Aleks, Çupi, El Nino, Omar, Zak və Toni təmsil olunur. “Eurovision” mahnı müsabiqəsinin qaydalarına görə, hər ölkənin şousu zamanı səhnəyə 6 nəfərdən çox iştirakçının çıxmasına icazə verilmədiyindən qrupun bir üzvü - Toni dostlarını “Green Room”dan dəstəkləmişdir.