MƏDƏNİYYƏT
“Öz məşəlini alovlandır”
Yunanıstan təmsilçisi Eleftheria Eleftheriou ifası ilə müsabiqənin finalına rəngarənglik qatmışdır
Bakı, 27 may (AZƏRTAC). “Eurovision-2012” mahnı müsabiqəsinin finalında “Baku Crystal Hall”da səhnəyə 16-cı çıxan Yunanıstan təmsilçisi Eleftheria Eleftheriou olmuşdur.
AZƏRTAC xəbər verir ki, müsabiqədə ölkəsini “Aphrodisiac” mahnısı ilə təmsil edən müğənni səhnədə vokal imkanları ilə yanaşı, maraqlı performans da nümayiş etdirmişdir.
Eleftherianın ifası güçlü səs, mükəmməl səhnə şousu və möhtəşəm rəqs elementləri ilə müşayiət olunmuşdur.
Səhnədə “Elle” adı ilə də tanınan müğənni daha çox Yunanıstanın “The X Factor” televiziya müsabiqəsindən məşhurlaşmışdır. 2006-cı ildə “Play That Melody To Me” mahnısı ilə Kiprin, 2010-cu ildə “Tables İs Turning” mahnısı ilə Yunanıstanın “Eurovision” milli seçimlərində iştirak etmişdir. Eleftheria Eleftheriou vokal və rəqs imkanları ilə yanaşı, pianoda gözəl ifa etməyi də bacarır.
Uşaq yaşlarından musiqiyə maraq göstərən Yunanıstan təmsilçisinin ən böyük və yeganə arzusu müğənni olmaq idi. Bundan başqa, Eleftheria rəsm çəkməyi, rəqs etməyi və idmanla məşğul olmağı çox sevir.