Özbəkistan televiziyasında ölkəmizlə bağlı veriliş yayımlanıb
Daşkənd, 1 may, АZƏRTAC
Özbəkistanın “Dunyo Boylab” telekanalında Azərbaycanın İsmayıllı, Qəbələ və Şəki şəhərləri və buradakı qədim abidələr haqqında veriliş yayımlanıb.
AZƏRTAC xəbər verir ki, veriliş Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) təşəbbüsü ilə bu ölkə jurnalistlərinin Azərbaycana təşkil etdiyi mediatur çərçivəsində hazırlanıb.
Tanınmış jurnalist Gulsara Soatxovanın müəllifi olduğu verilişdə İsmayıllı rayonunun ərazisi, əhalisi, gəzməli yerləri haqqında geniş məlumat verilir, burada 234 tarixi abidə mövcud olmasından danışılır.
Verilişdə Azərbaycanın qədim şəhərlərindən biri olan Qəbələ haqqında da söhbət açılır. Bildirilir ki, Qafqaz Albaniyasının paytaxtı olan Qəbələ şəhəri Tufandağ və Bazaryurd dağları arasında yerləşir. Proqramda Tufandağ Qış-Yay Turizm İstirahət Kompleksi haqqında da ətraflı söhbət açılır.
Jurnalist qədim tarixə malik Şəki şəhərindəki XVII əsrdə tikilən “Yuxarı karvansara”, unikal memarlıq abidəsi olan Şəki Xan Sarayı, şəhərin yaxınlığında yerləşən Kiş kəndi, oradakı eramızın I əsrinə aid olan ibadətxana haqqında ətraflı məlumat verir.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd